Azərbaycanlı futbolçuların Superliqada oynaması kimdən asılıdır?
24.01.2009 - 13:59
Azərbaycanlı futbolçuların Superliqada oynaması kimdən asılıdır?
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun “Kocaelispor”da oynamasına komandadan ayrılan oyunçular əngəl ola bilər. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin yeni transferlərinin Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçməyində ciddi problem yaranıb. Federasiyanın verməli olduğu lisenziya olmadan, rəsmi matçlarda meydana çıxmaq hüququ olmayan yeni futbolçular məsələnin müsbət həllini gözləmək məcburiyyətindədir.

Belə ki, “Kocaelispor”un maaşlarını verə bilmədiyi 7 futbolçunun şikayətinə baxan qurum klub qarşısına ciddi şərt qoymuşdu. Futbolçuları ilə maddi məsələdə razılıq əldə etməyəcəyi halda, kocaelililər heç bir yeni oyunçuya lisenziya ala bilməz. Şikayətçilərdən dördü – Taner Gülləri, Ahmet Dursun, Kılıcarslan Kopuz və Sem Sinan Vergül “Kocaelispor”da qalmaqla yanaşı, borc məsələsində də klubla razılıq əldə edib. İndi izmitlilər pul verməli olduqları sabiq oyunçuları Behram Zülaloğlu, Yasin Sülün və Məhəmməd Türkmənlə anlaşmalıdır. Futbolçular ya bütün pullarını almaqla, ya da qismən ödəmə ilə şikayətini geri götürməyə razı salınmalıdır. Əgər tərəflər arasında ortaq məxrəcə gəlinməzsə, nə Rəşad, nə Ramal, nə də digər transferlər “Kocaelispor”un formasını rəsmi qarşılaşmalarda geyinəcək.

Qeyd edək ki, 10 futbolçunun transferini rəsmiləşdirən “Kocaelispor” daha iki oyunçu ilə ilkin razılıq əldə edib və yaxın günlərdə sıralarına qatacaq.
0