“Qəbələ” uduzdu və baxışa gələnləri geri qaytardı
25.01.2009 - 21:41
“Qəbələ” uduzdu və baxışa gələnləri geri qaytardı
Yanvarın 21-dən Antalyada təlim-məşq toplantısında olan "Qəbələ" ilk yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin rəqibi Qazaxıstanın "Taraz" klubu olub.

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Nail Kərimovun verdiyi məlumata əsasən, 3 günlük məşqlərdən sonra keçirilən matç baş məşqçi Ramiz Məmmədov üçün yeni gələn futbolçuları sınamaq cəhətdən, eləcə də ikinci dövrədə meydançaya buraxacağı heyəti müəyyənləşdirmək baxımından önəmli olub.

Qazaxıstanlılarla matçın start heyətində bu futbolçular yer alıb: Mirza Merliani, Mikayıl Namazov, Miliya Jijiç, Anatoli Tebloyev, Qoqa Beraya, Abdulkader Kamara, Anatoli Ostap, Qogi Pipiya, Tomaş Stolpa, Duşan Vidoyeviç və Kənan Kərimov.

Bu futbolçulardan Merliani və Pipiya hazırda baxışdadırlar. Serb yarımmüdafiəçi Duşan Vidoyeviçlə isə Antalya səfərindən qabaq müqavilə bağlanıb və o, növbəti bir ildə "Qəbələ"nin şərəfini qoruyacaq.

"Taraz"la oyuna gəlincə, matçın əvvəli tamamilə qəbələlilərin üstünlüyü şəraitində keçib. Təxminən ilk 25 dəqiqədə rəqib futbolçular meydançanın özlərinə aid hissəsindən kənara çıxa bilməyiblər. Lakin ani bir hücumla hesabı açmağa müvəffəq olan qazaxlar bundan sonra ruhlanaraq mübarizəni bərabər səviyyəyə gətirib çıxara biliblər.

İkinci hissədə də "Qəbələ"nin hücumları bəhrə verməyib. Xüsusilə, Kənan Kərimov və Tornike Aptsiauri fərqlənməyə yaxın olsalar da, şanslarından istifadə edə bilməyiblər.

Baş məşqçi Ramiz Məmmədov bu görüşdə meydana baxışda olan rumıniyalı yarımmüdafiəçi və afrikalı hücumçunu da buraxıb onların səviyyəsinə bələd olmağa çalışıb. Görüşdən sonra hər iki futbolçunun geri göndərilməsi qərara alınıb. Hazırda baxışda daha bir neçə futbolçu var və onlar növbəti görüşlərdə də özlərini göstərmək üçün şans qazanacaqlar.

Qeyd edək ki, "Qəbələ" yanvarın 27-də Perm "Amkar"ı ilə yoxlama matçı keçirməyi planlaşdırır.
0