Türk jurnalistlər Sadıqova nə verdilər?
26.01.2009 - 11:22
Türk jurnalistlər Sadıqova nə verdilər?
Türkiyənin nüfuzlu “Milliyyet” qəzeti Superliqa matçlarında iştirak edən futbolçuların oyununu on ballıq sistemlə qiymətləndirib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız iki illik fasilədən sonra yenidən Türkiyədə çıxış edən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun da son turdakı əməyinə qiymət verib.

“Hacettepe”yə 4:0 hesabı ilə qalib gələn “Kocaelispor”un müdafiəçisi 7-yə layiq görülüb. Bu matçda forma geyən oyunçulardan yalnız iki qola imza atan Taner Gülləri daha yüksək qiymət alıb – 8.

Ümumilikdə, Türkiyə mətbuatı debütantın oyunundan razı qalıb: “Müdafiəçi Tolqanın fikirləri qarışıq olduğundan Erhan Altın ona heyətdə yer vermədi. Bu futbolçunun yerinə meydana yeni transfer Rəşad Sadıqov çıxdı. Start heyətdə altı debütant mübarizəyə başladı ki, azərbaycanlı və sloveniyalı oyunu ilə kocaelililəri sevindirdi”.

Qeyd edək ki, 17 turdan sonra hesabında 12 xal olan “Kocaelispor” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
0