“Muğan” Cahangir Həsənzadə və “Malaqa”nın hücumçusundan imtina etdi
26.01.2009 - 12:06
“Muğan” Cahangir Həsənzadə və “Malaqa”nın hücumçusundan imtina etdi
Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadənin Salyanın “Muğan” klubuna keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına komandanın icraçı-direktoru Füzulu Əliyev məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı futbolçunun keçidi ilə bağlı danışıqlar müsbət nəticə verməyib: “Artıq iki yeni qapıçı transfer etmişik. Bunlar son vaxtlar Türkiyənin “Kartalspor” klubunda çıxış etmiş Mikayıl Yusifov və “İnter”in sabiq qapıçısı Vladimir Kramarenkodur. Əvvəlki qapıçımız Kamal Bayramov da qalıb. Göründüyü kimi, üç qapıçımız var və Həsənzadəyə ehtiyacımız qalmayıb. Onun müqavilə ilə məxsus olduğu “Qəbələ”yə kompensasiya ödəmək lazım idi və bu transferi arxa plana keçirdik”.

Əsasən hücumçuya böyük ehtiyacları olan “Muğan”ın rəsmisi ön xəttə səviyyəli futbolçu axtardıqlarını söyləyib: “Vaxtilə İspaniyanın “Malaqa” klubunun əvəzedici komandasında yer almış kamerunlu hücumçu Viktor düşərgəmizə gəlmişdi. Ancaq onu bəyənmədiyimiz üçün geri qaytardıq. Bir sıra klublarımızda oynamış qvineyalı Pathe Banquranı da saxlamadıq. Digər afrikalı hücumçu Viktor İbekoyinin də keçidi alınmır. Belə ki, “Qarabağ” ona görə kompensasiya istəyir və danışıqlar davam edir. Milli komandamızın da şərəfini qorumuş “İnter”in sabiq hücumçusu Daniel Axtyamovu transfer etmək istəyirdik. Hər halda, Danielin atası bakılıdır və onu özümüzünkü saymaq olar. Ancaq bu transfer də müəyyən səbəblərdən baş tutmadı. Hələlik bir hücumçu – ilk dövrədə “Bakılı”da oynamış gürcü Givi Çxetiani ilə müqavilə bağlamışıq. Digər yeni transferimiz müdafiəçi Anar Vəliyevdir. Əsasən, yerli hücumçu almaq istəyirik və axtarışlarımız davam edir”.

Qeyd edək ki, “Muğan” debüt etdiyi Azərbaycan Premyer Liqasında ilk dövrəni 12-ci yerdə başa vurub.
0