Subaşiç yığmanın Dubaydakı hazırlıq prosesinə qatılmayacaq
26.01.2009 - 13:27
Subaşiç yığmanın Dubaydakı hazırlıq prosesinə qatılmayacaq
Branimir Subaşiç Azərbaycan yığmasının yanvarın 27-dən fevralın 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında qatılmayacaq. Bu haqda apasport.az saytına milliləşən serbiyalı hücumçunun özü məlumat verib. O, yığma komandamızın hazırlıq prosesində iştirak etmək istəsə də, toplanışın uzun müddətli olması futbolçuya problem yaradır: “Milli komanda Birləşmiş Ərəb Əmirliklərində iki həftədən artıq hazırlaşacaq. Məni yığmaya bu qədər buraxmazlar. Çünki qaydalar bunu tələb edir. Üstəlik, özümə yeni klub axtarıram. Bütün bunları nəzərə alaraq, yığmanın qarşıdakı hazırlıq prosesinə gələ bilməyəcəyəm. Artıq bu haqda yığmaya məlumat vermişəm. Milli komandamızın qarşıdakı rəsmi oyununa – Rusiya yığması ilə Moskvada keçiriləcək görüşə gələ bilərəm. Onda da klubum qaydalara uyğun olaraq, nəzərdə tutulan vaxtda buraxacaq”.

Qaydalara görə, klub futbolçunu yığmaya yoldaşlıq görüşünə iki, rəsmi oyuna dörd sutka qalmış buraxmalıdır. Milli komandamızın digər futbolçusu – Anatoli Ponomaryov yeni kluba baxışa getdiyi üçün hazırlıqda iştirak edə bilməyəcəyi az öncə bəlli olmuşdu. Milli komandamızın kapitanı Rəşad Sadıqovun da Subaşiç kimi Dubaydakı hazırlıq prosesinə qatılmasında problem yarana bilər. Belə ki, Branimirdən fərqli, Rəşadın iştirak etdiyi Türkiyə Superliqasında oyunlar bərpa olunub. Sadıqovu transfer edən “Kocaelispor”un yeni futbolçusunu bu qədər uzun müddətə itirməsi planlarına heç də uyğun gəlmir.

Qeyd edək ki, AFFA milli komandaya çağırılan futbolçularla bağlı onların klublarına faks göndərir.
0