“İstanbulspor”un baş məşqçisi yığmamızın futbolçusuna vurulub
26.01.2009 - 15:00
“İstanbulspor”un baş məşqçisi yığmamızın futbolçusuna vurulub
“Baş məşqçisi olduğum “İstanbulspor” ikinci liqada oynadığından, əcnəbi futbolçu transfer etməyimizə icazə verilmir. Əgər belə qadağa olmasaydı, Azərbaycandan Vurğun Hüseynovu heyətə qatardıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “İstanbulspor”un yeni baş məşqçisi Naci Şensoy deyib.

Vaxtilə Tovuzun “Turan” klubunu çalışdırmış türkiyəli məşqçi ölkəmizdən bir neçə futbolçunun transferində maraqlı olduğunu gizlətməyib: “Ona görə Vurğunu xüsusi qeyd etdim ki, o, “Turan”da mənim rəhbərliyim altında oynayıb. İndi isə U-21-in formasını geyinir. Təkcə Vurğun deyil, bir sıra futbolçular mənim diqqətimi çəkib. Başqa oyunçuların adlarını demək istəmirəm. Təəssüf ki, bu transferləri həyata keçirməyimiz qeyri-mümkündür”.

Şensoy bu yaxınlarda U-21 yığmamızın məşqçisi Əfqan Talıbovla görüşünü xatırlayıb: “Talıbovla bir neçə gün öncə Antalyada təşkil olunan təlim-məşq toplanışı zamanı görüşdük və Azərbaycan futbolu haqda fikir mübadiləsi apardıq. Mən Azərbaycanın futbol elçisiyəm. Türkiyə və Azərbaycan futbolu arasında körpü funksiyasını yerinə yetirirəm”.

51 yaşlı mütəxəssis vurğulayıb ki, hazırda ikinci liqanın 4-cü pilləsində qərarlaşan “İstanbulspor”un əsas məqsədi daha yüksək divizionlara vəsiqə qazanmaqdır: “Artıq üçüncü dəfə bu komandaya qayıtmışam. “İstanbulspor” mənim üçün bir yuvaya dönüb. Əvvəlcə prezidentimiz Saffet Sancaklı idi. Sonradan onu əvəzləyən Ömər Sarıəlioğlu da vəzifəmdə qalmağımı istədi”.

Qeyd edək ki, Naci Şensoy Azərbaycan futbol tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb. O, 2001/02 və 2004/05 mövsümlərində “Turan”ı çalışdırıb.
0