“Neftçi” “qızıl oyun”un iştirakçısına qarşı
26.01.2009 - 16:15
“Neftçi” “qızıl oyun”un iştirakçısına qarşı
Bakının “Neftçi” klubunun Türkiyənin Antalya şəhərində ikinci hazırlıq mərhələsində qarşılaşacağı rəqiblərdən ikisi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, flaqman yanvarın 31-də Rumıniyanın “Proqressul”, fevralın 4-də Qazaxıstanın “Tobol” komandası ilə görüşəcək.

Ölkə çempionatının birinci divizionunda 2-ci yerdə gedən “Proqressul” yüksək liqaya çıxmağa ən real namizədlərdəndir. “Neftçi” bu komandadan rumın hücumçu Marius Eneni Antalyaya baxışa çağırsa da, onu bəyənmədiyi üçün geri qaytarıb.

“Tobol” isə ötən mövsümü “Aktobe” ilə eyni xal toplayaraq, “qızıl oyun”a vəsiqə qazanıb. “Neftçi”nin rəqibi həlledici matçda yalnız oyun seriyasında penaltilərlə uduzduğu üçün gümüş mükafatçı olub. Antalyadakı ikinci toplanışda daha bir yoxlama matçı planlaşdırılsa da, fevralın 7-ə nəzərdə tutulan həmin oyunun keçiriləcəyi hələ sual altındadır. Buna komandanın alman baş məşqçisi Hans-Yurgen Gede qərar verəcək.

Sabah Antalyaya qayıdacaq “Neftçi” fevralın 8-də vətənə dönəcək.

Qeyd edək ki, flaqman Türkiyədə ilk hazırlıq prosesində keçirdiyi beş oyundan ikisində qələbə qazanıb, birində heç-heçə edib, ikisində uduzub.
0