“Xəzər-Lənkəran”ın rəqibi dəyişdi
26.01.2009 - 17:42
“Xəzər-Lənkəran”ın rəqibi dəyişdi
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurmaqda olan “Xəzər Lənkəran” klubunun planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, lənkəranlılar son yoxlama oyununda görüşmək istədiyi Almaniyanın II Bundesliqasında liderlərdən biri olan “Alemanniya” ilə matç baş tutmayacaq. Son günlər Antalyaya yağan aramsız yağışlar almanların planlarına, o cümlədən də “Xəzər-Lənkəran”la qarşılaşmaq istəyinə təsirsiz ötüşməyib.

Belə vəziyyətdə klub rəsmiləri qısa zaman kəsiyində başqa rəqib tapmağa müvəffəq olublar. Baş məşqçi İqor Ponomaryovun istəyinə uyğun olaraq Türkiyədəki son sınaq matçında rəqib elə Almaniya təmsilçisi olacaq. Düzdür, “Alemanniya”dan fərqli “Aalen” klubu ikinci bundesliqada deyil, aşağı dəstədə mübarizə aparır. Üçüncü dəstədə yarışan “Aalen” 20 komanda arsında 14-cü pillədə qərarlaşıb. Ponomaryov isə futbolçularını çıxış etdiyi dəstədən asılı olmayaraq alman komandasına qarşı oyunda sınaqdan keçirmək istəyib.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın “Aalen”ə qarşı son sınaq matçı sabah Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək. Birisigün – yanvarın 28-də səhər saat 23.40-da isə Antalya-İstanbul-Baku aviamaşrutu ilə ölkəyə yola düşəcək. Topuğundan zədələnmiş türkiyəli legioner Devran Ayhan da artıq lənkəranlılarınıq məşqlərinə bərpa edib.
0