Kvaratsxeliya ilk qələbəsini qazanıb Rikelmedən razı qaldı
29.01.2009 - 11:45
Kvaratsxeliya ilk qələbəsini qazanıb Rikelmedən razı qaldı
Bakının “Standard” klubu Türkiyənin Antalya şəhərində keçirdiyi ilk yoxlama oyununda qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, gürcü mütəxəssis Badri Kvaratsxeliyanın çalışdırdığı paytaxt təmsilçisi Rusiyanın birinci divizionunda çıxış edən “Anji” klubunu 1:0 hesabı ilə məğlub edib.

“Standard” qələbəni 90-cı dəqiqədə argentinalı Rodriqo Qonsalesin təxminən 20 metrdən vurduğu dəqiq zərbə ilə qazanıb. Bununla, Kvaratsxeliya “Anji”nin sükanı arxasında həmyerlisi Omari Tetradzeni üstələyib. Mahaçqala təmsilçisi bu ay Antalyada klublarımızla keçirdiyi hər iki sınaq matçında uduzmamışdı. Yevlaxın “Karvan” klubunu 5:2 hesabı ilə yenən “Anji” “Bakı” ilə qolsuz heç-heçə edib.

Kvaratsxeliya nəticə ilə yanaşı, oyundan da razı qalıb: “İlk matç üçün komanda heç də pis təsir bağışlamadı. Oyuna verilən tapşırıqlar tam yerinə yetirildi. Nəticə mənim üçün önəmli deyildi, ancaq belə komandanı məğlub etmək həmişə xoşdur. Psixoloji nöqteyi-nəzərdən yüksəliş baxımdan da bu qələbə lazım idi. Oyunda çoxlu əvəzləmələr etdim. İkinci hissədə meydana çıxan yeni oyunçular hələ ki ümidləri doğrultmadı. Yalnız Rikelme müəyyən anlarda heç də pis təsir bağışlamırdı. Yenilər növbəti oyunda şans qazanacaqlar”.
0