İqor Ponomaryov: Kim narazıdırsa, qapı açıqdır, gedə bilər
30.01.2009 - 18:23
İqor Ponomaryov: Kim narazıdırsa, qapı açıqdır, gedə bilər
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov Lənkərana gedib. Bu barədə apasport.az saytına açıqlama verən 49 yaşlı çalışdırıcı bildirib ki, artıq ikinci dövrə üçün hazırlıq işlərinə başlayıb. Türkiyədəki təlim-məşq toplanışını başa vurduqdan sonra qısa müddətli istirahətə buraxılan komanda üzvləri fevralın 2-də doğma məkanda bir araya gələcəklər.

Ponomaryov həmin vaxtadək vəziyyətlə yerində tanış olmağı lazım bilib: “Lənkərana komandanın rəisi Səməd Mustafayevlə birgə gəlmişəm. Köməkçilərim Vadim Vasilyevlə Samir Ələkbərov aşağı yaş qruplardan ibarət komandamızın oyununu izləyir. Stadionunun vəziyyət ilə də tanış oldum. Deyim ki, ilin bu vaxtı üçün ot örtüyü yaxşı vəziyyətdədir. Fevralın 7-də MOİK-lə yoxlama oyunu keçirəcəyik. Həmin oyun saat 14:00-da Lənkəranda olacaq”.

Legionerlərin Lənkəranda yaşamaq istəməməyi ilə bağlı məsələyə toxunan Ponomaryov bildirib ki, klub rəhbərliyi orada hər cür şərait yaratmağa çalışır: “Komanda “Xəzər-Lənkəran” adlanır. Yəni, adından da göründüyü kimi, Lənkəranı təmsil edirik. Klubun siyasətinə uyğun hərəkət etmək lazımdır. Hesab edirəm ki, futbolçular peşəkarlığını nümayiş etdirməlidir. Yəni, futbolçu klubla müqavilə bağlayanda, hara getdiyini bilməlidir. Deməli, müqaviləyə əsasən, üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Mən “Xəzər-Lənkəran”ın baş məşqçi postuna dəvət alanda, daha çox Lənkəranda qalacağımı göz önünə gətirib, bu təklifi qəbul etdim. Futbolçulara gəlincə, narazı olanların üzünə qapılar açıqdır”.
0