“Çelsi”də ilk türk futbolçu - FOTO
31.01.2009 - 10:54
“Çelsi”də ilk türk futbolçu - FOTO
Londonun “Çelsi” klubu Türkiyənin 17 yaşlılardan ibarət milli komandasının futbolçusu Gökhan Töre ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, Almaniyada doğulub boya-başa çatan Gökhanın ingilislərlə razılaşmasının müddəti 3,5 ildir. O, “Çelsi”nin gənclər komandasında forma geyinəcək.

17 yaşını bu ay qeyd edən futbolçunun son klubu Leverkuzen “Bayer”i olub. Törenin meneceri Bektaş Demirtaş deyib ki, “Çelsi” rəhbərliyi müqavilənin qarşılığında “Bayer”ə müəyyən miqdarda pul ödəyib: “Çünki Gökhan leverkuzenlilərlə ötən il 4 illik razılaşmaya imza atmışdı. İndi isə İngiltərə klubu onun transfer hüququnu almaq məqsədilə pul ödədi. O, gənclərdən ibarət komandada çıxış edəcək və özünü göstərməyə çalışacaq”.

Gökhan ilk türk futbolçu kimi “Çelsi”nin tarixinə düşüb. Almaniya və Türkiyə vətəndaşlığını daşıyan oyunçunun gələcəkdə hansı ölkənin əsas milli komandasının şərəfini qoruyacağı da maraq doğurur. Çoxları onun Türkiyə yığmasını seçəcəyini düşünür.
0