“Ştutqart” klubunun baş məşqçisi Berti Foqtsu təriflədi
31.01.2009 - 11:11
“Ştutqart” klubunun baş məşqçisi Berti Foqtsu təriflədi
“Ştutqart” klubunun almaniyalı baş məşqçisi Markus Babbel Azərbaycan milli komandasını çalışdıran 63 yaşlı həmyerlisi Berti Foqtsu tərifləyib. Apasport.az saytının məlumatına görə, Babbel futbolçu karyerasında rəhbərliyi altında oynadığı məşqçilərdən çox şey öyrəndiyini bildirib.

Covanni Trapattoni, Ottmar Hitsfeld, Otto Rehagel, Jerar Ulye, Frants Bekkenbauerlə yanaşı, Foqtsu da xatırlayan Markus onun iş üslubundan danışıb: “Foqts əsaslı şəkildə çalışırdı. O, yaxşı məşqlər keçirirdi. Bütün bunlarla yanaşı, Foqts pedaqoq istedadına malik idi”.

Babbel 1996-cı ildə Foqtsun başçılığı altında Almaniya milli komandasının heyətində Avropa çempionluğunu qazanıb. Bu dəfə isə almaniyalılar dünya çempionatının seçmə mərhələsində yığmamızla eyni qrupda yer alıb.

Məşqçilikdə ilk addımlarını atan Babbelin fikrincə, Almaniya komandası qrupda bütün rəqiblərlə oyunlara böyük önəm verməlidir: “Ümid edirəm ki, qrupumuzda birinci yeri bizim yığmamız tutacaq. Milli komandamızın Rusiya qarşısında tab gətirmək üçün kifayət qədər təcrübəsi və potensialı var. Ruslarla Moskvadakı oyunda ən azı uduzmayacağıq. Hərçənd, payızda qrupumuzda vəziyyətin necə olacağını gözləmək və görmək lazımdır. Digər vacib görüşlərdə də mütləq uğur qazanmaq tələb olunur”.
0