Milli komandamızın 2009-cu ildə ilk sınağı
31.01.2009 - 12:08
Milli komandamızın 2009-cu ildə ilk sınağı
Sabah futbol üzrə Azərbaycan milli komandası 2009-cu ildə ilk oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis Berti Foqtsun yetirmələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Özbəkistan yığması ilə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Bu, özbəklərlə tariximizdə 8-ci görüş olacaq.

Bizdən fərqli, Özbəkistan Asiya Futbol Konfederasiyasının üzvü olduğundan, bu milli komanda ilə rəsmi oyunlarda qarşılaşmamışıq. Orta Asiya təmsilçisi ilə arxada qalan 7 matçdan 6-sı yoldaşlıq görüşü, son oyun isə Qazaxıstanın Çimkənd şəhərində beynəlxalq turnir səviyyəsində keçirilib. Bu görüşlərin 4-də qalib gələn yığmamız bir dəfə heç-heçə edib, iki oyunda isə uduzub. Topların fərqi də Azərbaycanın xeyrinədir: 10-9.

Maraqlıdır ki, indiyədək Özbəkistan yığmasına qol vuran futbolçularımızdan heç biri hazırda milli komandada deyil. Bunlardan Yunis Hüseynov, Vidadi Rzayev, Qurban Qurbanov, Narvik Sırxayev ümumiyyətlə, futbolçu karyeralarını bitiriblər. Emin Quliyev, Zaur Tağızadə, İlqar Qurbanov, Samir Əliyev və Fərrux İsmayılov isə yığmaya çağırılmırlar. Yalnız istisna təşkil edən Branimir Subaşiç idi ki, Foqts “milliləşdirilən” bu serb hücumçunu özbəklərlə oyuna dəvət etmişdi. Ancaq Subaşiçin şərəfini qoruduğu Belqradın “Srvena Zvezda” klubu onu milli komandanın uzun müddətli təlim-məşq toplanışına buraxmayıb.

Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov isə futbolçu karyerası dövründə milli komandamıza qarşı oynayıb. O, hətta özbəklərin yığmamıza qarşı vurduğu ilk qolun müəllifidir. Bu, Azərbaycanla Özbəkistan milli komandalarının ilk oyununa təsadüf edib. Qasımov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçda 90-cı dəqiqədə vurduğu qolla hesab arasında fərqi minimuma endirsə də, özbəkləri məğlubiyyətdən xilas edə bilməmişdi.

Rəqibin çalışdırıcısı Azərbaycan yığmasına qarşı dəvət etdiyi futbolçular arasında milli komandanın kapitanı Maksim Şatskixə yer verməyib. Kiyevin “Dinamo” klubunun 31 yaşlı hücumçusu yığmamızla oyundan sonra özbəklərin düşərgəsinə gələcək. Şatskix milli komandamızın 10 il öncə böyük hesabla məğlub olduğu görüşdə (1:5) het-trikə imza atıb. Həm Foqts, həm də Qasımovun sərəncamında yalnız ölkə daxilində çıxış edən futbolçular olduğunu nəzərə alsaq, sabahkı qarşılaşma Azərbaycan və Özbəkistan çempionatlarının səviyyələrinin üzə çıxarılması baxımından da maraq doğurur.

Qeyd edək ki, yerli hakimlərin idarə edəcəyi oyun Dubayın “Polis klub” stadionunda Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Azərbaycan və Özbəkistan yığmaları arasındakı oyunların statistikası:

24 aprel 1998-ci il
Bakı. Azərbaycan - Özbəkistan 2:1 (Yoldaşlıq görüşü)
Qollar: Yunis Hüseynov, Narvik Sırxayev
Baş məşqçi: Vaqif Sadıqov

18 avqust 1999-cu il
Səmərqənd. Özbəkistan - Azərbaycan 5:1 (Yoldaşlıq görüşü)
Qol: Zaur Tağızadə
Baş məşqçi: Əhməd Ələsgərov

15 fevral 2001-ci il
Albena. Özbəkistan - Azərbaycan 2:1 (Yoldaşlıq görüşü)
Qol: Vidadi Rzayev (pen.)
Baş məşqçi: İqor Ponomaryov

21 avqust 2002-ci il
Bakı. Azərbaycan - Özbəkistan 2:0 (Yoldaşlıq görüşü)
Qollar: Samir Əliyev, Fərrux İsmayılov
Baş məşqçi: Vaqif Sadıqov

28 may 2004-cü il
Bakı. Azərbaycan - Özbəkistan 3:1 (Yoldaşlıq görüşü)
Qollar: Qurban Qurbanov, İlqar Qurbanov, Emin Quliyev
Baş məşqçi: Karlos Alberto Torres

7 fevral 2007-ci il
Karşi. Özbəkistan - Azərbaycan 0:0 (Yoldaşlıq görüşü)
Baş məşqçi: Şahin Diniyev

7 mart 2007-ci il
Çimkənd. Özbəkistan - Azərbaycan 0:1 (Beynəlxalq turnir)
Qol: Branimir Subaşiç
Baş məşqçi: Vaqif Sadıqov
0