“Kocaelispor” Rəşad Sadıqovun seriyasını qırdı
31.01.2009 - 12:39
“Kocaelispor” Rəşad Sadıqovun seriyasını qırdı
Azərbaycan futbol yığmasının kapitanı Rəşad Sadıqovun seriyası sabah qırılacaq. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi milli komandamızın baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında ilk dəfə meydana çıxmayacaq.

63 yaşlı alman mütəxəssis Rəşadı Özbəkistanla sabah Dubayda keçiriləcək yoldaşlıq görüşünə çağırsa da, futbolçunun ötən həftə transfer olunduğu Türkiyənin “Kocaelispor” klubu onu yığmaya buraxmayıb. Buna Azərbaycan komandasının 16 günlük təlim-məşq toplanışı zamanı “Kocaelispor”un Türkiyə Superliqasında vacib oyunlarının olması səbəb göstərilib.

Foqts milli komandamıza başçılıq etdiyi hər 9 görüşdə Sadıqova əsas heyətdə şans vermişdi. Özü də müdafiəçi həmin qarşılaşmaları əvəzedilmədən keçirərək, 810 dəqiqə meydanda olmuşdu. Berti Foqtsun dönəmində hələlik başqa heç bir oyunçumuzun belə göstəricisi yoxdur. Yəni, Rəşad almaniyalı çalışdırıcının bütün görüşlərdə güvəndiyi və əvəz edilmədən mübarizə aparan yeganə futbolçu idi.

Sadıqovun yoxluğunda 3 futbolçu oyun sayına görə ona çatmaq imkanı qazanacaq. Bunlar Foqtsun dövründə hərəyə 8 matç keçirmiş müdafiəçi Samir Abbasov və yarımmüdafiəçilər Zeynal Zeynalovla Cavid Hüseynovdur.

Şahin Diniyevin baş məşqçi işlədiyi zamanda milli komandamızdan 15 ay uzaq qalan Sadıqov 2007-ci ilin noyabrında Qyoko Hacıyevski tərəfindən yığmaya qaytarılmışdı. Həmin vaxt Finlandiya ilə Helsinkidə keçirilən rəsmi oyunda yenidən kapitan sarğısını daşıyan Rəşad bundan sonra yalnız bir görüşdə iştirak etməmişdi. Bu, ötən ilin fevralında Qazaxıstanla Türkiyənin Antalya şəhərində keçirilən yoldaşlıq görüşüdür. Hacıyevski qolsuz bərabərliklə başa çatan həmin görüşdə Sadıqova zədə səbəbindən dəvət göndərə bilməmişdi. Göründüyü kimi, Rəşad ardıcıl iki ildir millinin ilk oyunlarını, özü də Orta Asiya təmsilçilərinə qarşı yoldaşlıq görüşlərini buraxmalı olur.
0