Belarus milli komandasının futbolçusu “Neftçi”də
31.01.2009 - 15:10
Belarus milli komandasının futbolçusu “Neftçi”də
Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən Bakının “Neftçi” klubu daha bir legioneri baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, dördqat Azərbaycan çempionu Belarus yığmasının 30 yaşlı yarımmüdafiəçisi Oleq Straxanoviçi sınaqdan keçirir.

Az öncə Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində Belarusu təmsil edən MTZ-RİPO klubundan gələn Oleq futbolçularımız Elmar Xeyirov və Arzu Nəsibovun komanda yoldaşı olub. Vətənində həmçinin “Kommunalnik”, “Pinsk-900”, “Dinamo” (Brest), BATE-də oynayan Straxanoviç indiyədək iki ölkədə legioner həyatı yaşayıb. Belə ki, “Neftçi”nin baxışa çağırdığı yarımmüdafiəçi 2005-ci ildə Qazaxıstanda “Tobol” (10 oyun, 1 qol), iki il öncə isə Litvanın “Kaunas” klubunda (17 oyun, 1 qol) çıxış edib.

“Kaunas” və BATE ilə çempionluq qazanan futbolçu sonuncuların heyətində iki dəfə (2003-cü və 2004-cü illərdə) Belarus birinciliyinin gümüş mükafatçısı olub. 2005-ci ildən MTZ-RİPO-da çıxış edən Straxanoviç həmin il bürünc medal qazanıb, bir il sonra isə bu komandanın heyətində İntertoto kubokunda 4 oyunda 2 qol vurub. 1,83 metr boya malik yarımmüdafiəçi milli komandanın heyətində 8 oyun keçirib.
0