“Anderlext”in məşqçisi futbolçumuza təşəkkür etdi
31.01.2009 - 19:25
“Anderlext”in məşqçisi futbolçumuza təşəkkür etdi
“Əvvəlcə onu deyim ki, "Anderlext"ə təcrübə keçməyə gedəcəyimi eşidəndə hədsiz dərəcədə sevindim. Avropalı həmyaşıdlarımızın hazırlıq prosesini izləmək və səviyyəmizi göstərmək baxımından unikal imkan əldə etmişdik. Brüsselə gələr-gəlməz, məşqlərə qatıldıq”. Apasport.az saytının məlumatına görə, bunu Belçikanın “Anderlext” klubunun düşərgəsində olan “Bakı”nın futbolçusu Bəxtiyar Sultanov deyib.

Həmyerlimiz komandanın saytına bildirib ki, Belçikada diqqətini çəkən "Anderlext"li futbolçuların çox sürətli olması olub: “Onların topla rəftarı məni heyran qoydu. Taktiki baxımdan olduqca ağıllı futbol oynayırlar. Müdafiədən hücuma keçid ani baş verir, oyun boyu pressing tətbiq edir, rəqibə göz açmağa imkan vermirlər. Mən də əlimdən gələni edirdim ki, Azərbaycan futbolunun saviyyəsini nümayiş etdirim və xoş təsir bağışlayım. Əvvəlcədən qeyd edim ki, bunu bacardığım üçün özümü xoşbəxt hiss edirəm”.

Sultanov bildirib ki, artıq ilk məşqlərdən sonra gənclər komandasının məşqçisi Valem Yohan onu yanına çağıraraq futbola neçə yaşında başladığını, Azərbaycan U-21 milli komandası heyətində keçirdiyi oyunlar barədə suallar verib: “Məşqçi yaxşı təsir bağışladığımı və mənə rəsmi oyunda şans verəcəyini söylədi. Düzünü desəm, bu xəbər məni olduqca həyəcanlandırdı. Məşqlərdə tam güclə çalışaraq, səbirsizliklə oyun gününü gözləməyə başladım. Və nahayət, həmin gün gəldi. Rəqibimiz ikinci sırada yer alan "Brüqqe" idi. Oyun "Anderlext"in böyük ustünlüyü ilə keçdi. Mən ikinci hissədə, daha dəqiq desəm, 60-cı dəqiqədə meydana çıxdım. Fərqlənmək üçün imkan da əldə etdim, təəssüf ki, qol vura bilmədim. Oyundan sonra məşqçi bütün oyunçulara, o cümlədən mənə də təşəkkürünü bildirdi”.
0