“Neftçi”nin futbolçusu Braziliya yığmasına qarşı
02.02.2009 - 11:46
“Neftçi”nin futbolçusu Braziliya yığmasına qarşı
Bakının “Neftçi” klubunun estoniyalı legioneri Dmitri Kruqlov Braziliya yığmasına qarşı oynamaq imkanı qazanıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçunun daim çağırıldığı Estoniya millisi beşqat dünya çempionları ilə bu ilin avqustun 12-də Tallində yoldaşlıq görüşü keçirəcək.

100 illik yubileyini keçirəcək Estoniya Futbol Assosiasiyası belə bir əlamətdar hadisəni Braziliya yığması ilə tarixi görüşlə qeyd etmək qərara alınıb. Qurumun prezidenti Ayvar Poxlak azarkeşlərə yayda bayram yaşatmaq fikrində olduqlarını bildirib: “Braziliya milli komandası ilə yoldaşlıq görüşü keçirməyimiz qətiyyən 1 aprel zarafatı deyil. Söhbət təkcə puldan getmir. Əsas məsələ xüsusi münasibətlərin yaranması və danışıqlardan gedir. Bu oyunla bağlı braziliyalılarla iki il ərzində danışıqlar apardıq”.

Adətən futbolu zəif inkişaf etmiş ölkələrlə yoldaşlıq görüşlərini böyük məbləğdə qonorarın qarşılığında reallaşdıran Braziliya yığması bu il Avropaya iki səfər planlaşdırıb. Belə ki, Dunqanın komandası estonlarla yanaşı, son dünya çempionu İtaliya yığması ilə də qüvvəsini sınayacaq.
0