Çexlərin qənimi: Berti Foqts
06.02.2009 - 16:55
Çexlərin qənimi: Berti Foqts
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah yoldaşlıq görüşündə qarşılaşacağı çexlərin qənimidir. Apasport.az saytının məlumatına görə, 63 yaşlı mütəxəssis 1996-cı ildə məhz Çexiyanı finalda məğlub (2:1) etməklə, rəhbərlik etdiyi Almaniya yığmasıyla Avropa çempionluğunu qazanıb.

Foqts Çexiya millisinin sabiq baş məşqçisi Milan Maçalanı isə yığmamızın sükanı arxasında üstələyib. Belə ki, Maçalanın çalışdırdığı Bəhreyn seçməsi ötən ilin noyabrın 17-də öz meydanında Azərbaycanla keçirdiyi yoldaşlıq görüşündə uduzub – 1:2 Foqtsla 13 il öncə İngiltərədə keçirilən Avropa çempionatının final mərhələsində görüşən Vladimir Şmitser Çexiya yığmasından fərqli, futbolçu karyerasını hələ başa vurmayıb. 36 yaşlı hücumçu hazırda Praqanın “Slaviya” klubunda ən təcrübəli futbolçudur. Son vaxtlar zədə problemi ilə üzləşən Şmitser sabah meydana çıxa bilərsə, Foqtsdan qisas almaq imkanı qazanacaq.

Qeyd edək ki, milli komandamız indiyə kimi çexlərlə oynamasa da, “Slaviya” ilə klub səviyyəsində görüşümüz olub. 2001-ci ildə “Şəmkir” Çempionlar Liqasının, bundan 5 il sonra “Karvan” UEFA kubokunun ikinci təsnifat mərhələsində Praqa təmsilçisi ilə görüşüb. Hər iki halda mərhələ adlayan “Slaviya” “Şəmkir”i evdə 1:0, Tofiq Bəhramov adına Respublika stadionunda 4:1 hesabı ilə yenib. “Karvan”ı “Şəfa” stadionunda 2:0 hesabı ilə məğlub edən praqalılar öz meydanında qolsuz heç-heç edib.

Hazırda milli komandamızın sıralarında olan Rauf Mehdiyevlə braziliyalı müdafiəçi Ernani Pereyra müvafiq olaraq “Şəmkir” və “Karvan”ın heyətində “Slaviya”ya qarşı oynayıb. Praqadakı oyunda əla təsir bağışlayan, penalti zərbəsini dəf edən Rauf çexlər tərəfindən ən xoş sözlərə layiq görülmüşdü.

Qeyd edək ki, milli komandamızla “Slaviya” Dubayda keçirdikləri təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşü keçirəcək.