Azərbaycanlı futbolçuya “Arsenal”da yer yoxdur
07.02.2009 - 12:17
Azərbaycanlı futbolçuya “Arsenal”da yer yoxdur
Keçmiş SSRİ yığmasında və “Yuventus” klubunda çıxış etmiş məşhur ukraynalı futbolçu, hazırda Kiyevin “Arsenal” klubunun baş məşqçisi Aleksandr Zavarovun apasport.az saytına eksklüziv müsahibəsi

- Baxışa çağırdınız azərbaycanlı futbolçu Rüstəm Novruzov haqda nə deyərdiniz?
- Rüstəm Novruzov yaxşı futbolçudur. Azərbaycanda futbol məktəbinin müsbət fəaliyyəti nəzərə çarpır. Ancaq heyətimizi artıq komplektləşdirdiyindən, düşərgəmizdə xeyli futbolçu olduğundan, Rüstəmlə münasibətlərimizi davam etdirə bilməyəcəyik. Novruzovun mövqeyində çoxlu oyunçumuz var və onlar neçə vaxtdır komandadırlar. Buna görə də futbolçunuz heyətə düşmür.

- Rüstəmi Türkiyədə keçirdiyiniz yoxlama oyunlarının çoxunda bu səbəbdən meydana buraxmadınız?
- Onu hücumçuların arxasında oynatdım. Novruzov texnikalı futbolçudur, hər iki ayağı ilə güclü zərbələrə malikdir. Fikrimcə, Rüstəmin yaxşı futbolçu olmaq üçün perspektivi var.

- Novruzov vaxtilə “Arsenal”ın aşağı yaş qruplarından ibarət komandasında çıxış edib. Deyəsən, onu həmin vaxtdan tanıyırsınız?
- Bilirsiniz, bizim hər yerdə futbol agentlərimiz var. Komandamızı gücləndirə biləcək Rüstəm Novruzov adlı futbolçu olduğunu haqda məlumat aldıq. Agentlər onun baxışa gəlməsini təşkil etdilər. Mən əmin oldum ki, Rüstəm futbol oynaya bilir. Ancaq hazırda o, “Arsenal”da deyil. Bayaq dediyim kimi, Rüstəmin mövqeyində çoxlu futbolçumuz var.

- Rüstəmin gənc olduğunuzu nəzərə alsaq, gələcəkdə onunla müqavilə imzalamağı düşünürsünüz?
- Bizim seleksiya xidmətimiz xeyli oyunçunu nəzərdən keçirir. Onlar oynadıqca nəzarətimiz altımızda olacaq. Rüstəm Novruzovun transferi məsələsinə də gələcəkdə qayıdacağıq.

- Yəni, gələcəkdə Rüstəmi yenidən sınamaq fikrindəsiniz?
- Əlbəttə. Bunu mütləq edəcəyəm.

- Ümumiyyətlə, hansı azərbaycanlı futbolçuları tanıyırsınız?
Novruzovdan başqa hansı oyunçumuzu sərəncamınızda görmək istərdiniz?

- Mən azərbaycanlı futbolçuları az tanıyıram. Ancaq Anatoli Demyanenkonun rəhbərliyi altında “Neftçi” İntertoto kubokunda uğurlu çıxış edərək, iki mərhələ adladıqdan sonra UEFA kubokuna çıxmağa yaxın olduğu zaman çoxları Azərbaycan futboluna xüsusi diqqət yetirməyə başladı. Üstəlik, bildiyimə görə, “Neftçi”nin yaxşı sponsoru, maliyyə dəstəyi var. Ümid edirəm ki, “Neftçi” SSRİ dövründə olduğu kimi, özünü ən yaxşı tərəfdən göstərəcək və təkcə postsovet yox, eyni zamanda bütün Avropa təmsilçiləri ilə rəqabət aparacaq.

- Futbolçularımızın Ukraynanın yüksək liqasında oynamaq perspektivini real görürsünüz?
- İstərdim ki, Ukraynanın güclülər dəstəsində azərbaycanlı futbolçu oynasın. Ancaq bunun həyata keçməsi perspektivinə qiymət vermək mənə çətindir. Çünki Azərbaycan komandası ilə cəmi bir dəfə qarşılaşmışam. Bu da Türkiyədə son təlim-məşq toplanışına təsadüf edib. Həmin yoxlama oyununda “Qəbələ” klubunu 3:2 hesabı ilə məğlub etdik. Bu komandanın oyunu, onun futbolçuları xoşuma gəldi. Ancaq başa düşün ki, ölkəmizə Azərbaycandan futbolçu gələcəksə, o, legioner sayılacaq. Belə olan halda, həmin oyunçu ukraynalı futbolçudan bir baş üstün olmalıdır. Azərbaycanda futbolun inkişaf etdiyinin şahidi oldum, yaxşı, perspektivli futbolçularınız var. Ancaq indi onların burada oynaması real deyil. Futbolçularınıza bir az da baxmaq lazımdır. Açığı, əvvəl futbolçularınıza o diqqət yetirmirdimsə, indi bunu edirəm.

- Bəs sizin nə vaxtsa Azərbaycanda işləmək variantınız olub? Belə bir təklif almısınız?
- Təəssüf ki yox. Hərçənd agentim belə söhbəti ortaya ataraq, Azərbaycanda çalışmağımın mümkünlüyünü deyirdi. Ancaq ölkənizdən mənə konkret təklif gəlməyib.

- Uzun müddət SSRİ çempionatında “Neftçi”yə qarşı çıxış etmisiniz. Həmin oyunları necə xatırlayırsınız?
- Əlbəttə, həmin matçları xatırlamaq mənim üçün xoşdur. Elə Bakının “Neftçi” klubunun adı gələndə məndə yaxşı nostalji hisslər yaranır. Səhv etmirəmsə, “Neftçi”yə qarşı oyunlarda iştirak etmək üçün 10 il ərzində Bakıya səfər etdim. Futbolçu karyeram dövründə Kiyevdə, Luqanskda, Rostovda - harada oynamışamsa, bu, məndə xoş nostalji hisslər oyadır. Bu, ilk növbədə gənclik illəri ilə bağlıdır və həyatının, futbolçu karyeranın ən yaxşı vaxtlarını yada salırsan. Eyni zamanda yaxşı futbolçuları xatırlayırsan. Misal üçün “Neftçi”də İsgəndər Cavadovu qeyd etmək olar.

- Cavadovla hücumda duet yaradan Maşallah Əhmədov...
- Hə, hə. “Neftçi”də bir neçə yaxşı, futbol dilində desək, şən hücumçular var idi. Onlar rəqiblər üçün təhlükəli futbolçulardır.

- Bir də yeganə azərbaycanlı olimpiya çempionu olan İqor Ponomaryovu yada salmaq olar...
- Ooo, bu futbolçunu xüsusi qeyd etmək mümkündür. Ponomaryovu çoxdan tanıyıram, onunla uzun yol keçmişik, SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasında çıxış etmişik. 1979-cu ildə Yaponiyada keçirilən gənclər arasında dünya çempionatının finalında birgə gümüş medal qazanmışıq. Ponomaryovu görsəniz, mənim adımdan ona böyük salamlar çatdırın.

- Azərbaycanın veteran futbolçuları ilə əlaqəniz varmı?
- Həmişə komanda ilə məşğul olduğumdan, veteranlarla görüşə, ünsiyyət qura bilmərəm. Ancaq belə imkan ələ düşərsə, böyük məmnuniyyətlə Bakıda olaram, köhnə tanışlarımı görərəm.

- Azərbaycan futbolu, xüsusilə milli komandamız haqda nəyi bilirsiniz?
- Hesab edirəm ki, Azərbaycan milli komandası belə ritmdə işləsə, öz futbolçularına daha çox diqqət yetirsə, tərəqqi olacaq və bir çox güclü yığmaların “əsəbləri ilə oynayacaq”. Futbolçularınız Azərbaycan çempionatında və ondan kənarda yaxşı çıxış edib, inkişaf etməlidirlər. Bu zaman yığmanızın da səviyyəsi artacaq.

- Sizcə, Berti Foqts kimi tanınan mütəxəssis zəif Azərbaycan yığmasını Avropa səviyyəli komandaya çevirə bilərmi?
- Milli komandaya Avropa ölkələrinə, məsələn, Almaniya, Hollandiyaya lazım olmayan mütəxəssisləri dəvət etmək mənasızdır. Fikrimcə, postsovet məkanından olan mütəxəssislər, elə öz məşqçiləriniz də Azərbaycan yığmasına, ölkə futboluna fayda verə bilər. Bu yolla inkişafa nail olmaq mümkündür. Xarici mütəxəssislərin dəvət edilməsi ilə bağlı acı təcrübə var. Gürcüstanda alman, fransız çalışdırıcılar işləsələr də, hələ lazımı inkişafa nail ola bilməyiblər. Fikrimcə, əcnəbi mütəxəssisin gəlib yığmada gününü keçirməsi düzgün deyil.

- Dostunuz Anatoli Demyanenko ölkəmizdə işini başa vurub, geri qayıdandan sonra sizinlə söhbətdə “Neftçi”, futbolumuz haqda hansı fikirlər söyləyib?
- O, mənə komandanız, Azərbaycan futbolunun infrastrukturu haqda ən xoş sözləri dedi. Təəssüf ki, Demyanenkoya işini sona çatdırmağa imkan vermədilər. Hərçənd, onun rəhbərlik etdiyi kollektiv təkcə postsovet məkanında deyil, bütün Avropada özündən söz etdirdi. Elə Ukraynada da təəccüblənirlər ki, Demyanenkonun komandası necə oldu iki mərhələ keçdi və UEFA kubokunun astanasına qədər irəlilədi. Belə düşünürdük ki, “Neftçi” bu qədər mərhələ keçə, uğurlu çıxış edə bilməz.

- Mətbuatda Demyanenkonun sizi baş məşqçi postunda əvəzləyəcəyi söylənilirdi. Hətta Bakının “İnter” klubu ilə yollarını qışda ayıran belaruslu Valentin Belkeviçin də adı “Arsenal”la yanaşı hallanırdı. Deyilənə görə, o, komandanın oynayan məşqçisi olacaqdı...
- Komandamıza yeni sahiblər çıxdıqdan sonra, yəni dekabrın 1-də rəhbərlik məni görüşə çağırdı. Mənə deyildi ki, sənin hələ il yarımlıq müqavilən var, komandanın baş məşqçi postunda qalırsan. Get, məzuniyyətində rahat istirahətini et, işinə görə arxayın ol. Jurnalistlər isə öz işlərindən əl çəkmirlər. “Arsenal”a daha kimləri gətirmədilər: Demyanenko, Belkeviç, Vyaçeslav Qroznı... Rəhbərlik isə yeni ildən sonra gəlib işimi davam etdirməyi tapşırdı.

- Sabiq futbolçunuz Georgi Demetradze hazırda Azərbaycanda çıxış edir. “Bakı” klubunun formasını geyən bu hücumçu ölkəmizdəki perspektivini necə görürsünüz?
- Demetradze bütün səviyyələrdə - Çempionlar Liqasından tutmuş milli komandayadək oynamış təcrübəli futbolçudur. Georgi bir çox güclü klubların şərəfini qoruyub. Düşünürəm ki, o yaxşı fiziki formada olsa çıxışı uğurlu alınacaq. Gənc oyunçularınız da ondan çox şey öyrənəcək.

- Bildiyimizə görə, Demetradzenin klubunuzun sabiq prezidenti Vadim Rabinoviçlə problemləri olub. Xüsusilə də borcların ödənməməyi gürcü futbolçunun narazılığı ilə qarşılanıb...
- Bizim Demetradze ilə problemimiz olmayıb. Xüsusilə də maddi məsələlərdə. Deməzdim ki, büdcəmiz nəhəng klublarda olduğu kimidir. Amma futbolçularımız vaxtında əmək haqlarını ala bilirlər.

- “Dnepr” klubunun sahibi İqor Kolomoyskinin “Arsenal”ı da ələ keçirməsi Ukrayna mətbuatında əks-səda doğurub. İndi ölkənizdə belə fikir formalaşıb ki, bu şəxsin himayədarlıq etdiyi “Arsenal” “Dnepr”ə “kömək edəcək...
- Bu doğru deyil. “Dnepr” bizə kuratorluq etməyəcək. Bilmirəm belə söhbətləri haradan çıxarırlar. Klubun öz təsisçiləri var ki, onlar komanda ilə bağlı işlərlə məşğul olacaqlar. “Arsenal”ın siyasətini də elə onlar müəyyənləşdirir.
0