Branimir Subaşiç Çin çempionu ilə danışıqlar aparır
09.02.2009 - 15:19
Branimir Subaşiç Çin çempionu ilə danışıqlar aparır
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç Çində oynamaq variantı ilə bağlı keçmiş komanda yoldaşı Svetoslav Stefanovdan məsləhət alıb. Bu haqda apasport.az saytına hazırda Bakının “Neftçi” klubunda forma geyinən bolqarıstanlı legioner Stefanov məlumat verib. O, bildirib ki, serbiyalı futbolçuya “Çanqçun Yatay” klubu haqda məlumat verib.

“Subaşiçin Çində məhz “Çanqçun Yatay”da oynamaq variantı gündəmdə idi. Hər halda, mənə bu barədə demişdi. Bu komanda Çanqçun şəhərini təmsil edir. Branimirə oradakı durumu anlatdım, müəyyən məlumatlar verdim. Azərbaycanla müqayisədə, Çində yaxşı stadion çoxdur, meydançaların ot örtüyü xalça kimidir. Subaşiç kimi cəld, sürətli, texnikalı hücumçu üçün məhz belə meydan lazımdır” – deyə Stefanov bildirib.

2007-ci ildə Stefanovla Çin çempionu olan “Çanqçun Yatay” son mövsümü 6-cı yerdə başa vurub. Ötən yay “Neftçi”ni Belqradın “Srvena Zvezda” klubuna dəyişən 27 yaşlı Subaşiç isə transferə çıxarıldığı üçün özünə yeni klub axtarır. Hazırda Çində olan yığmamızın futbolçusu “Çanqçun Yatay” rəsmiləri ilə danışıqlar aparır.
0