Svetoslav Stefanov: Bu, “Neftçi” üçün normal hal deyil
09.02.2009 - 15:52
Svetoslav Stefanov: Bu, “Neftçi” üçün normal hal deyil
“İkinci dövrəyə yaxşı hazırlaşmışıq. Türkiyənin Antalya şəhərindəki bir aylıq təlim-məşq toplanışı bizim üçün faydalı oldu. İnanıram ki, bunun bəhrəsini ikinci dövrədə görəcəyik”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun bolqarıstanlı yarımmüdafiəçisi Svetoslav Stefanov deyib.

“Mövsümün ilk yarısında çıxışımız uğursuz alındı. Birinci dövrədən sonra turnir cədvəlində 9-cu yerdə qərarlaşmışıq ki, bu da “Neftçi” kimi komanda üçün normal hal deyil. Yüksək pillələrdə yer almağa layiq və buna qadirik. “Neftçi” yalnız kubok yox, qatıldığı bütün yarışlarda uğurla çıxış etməlidir. Biz avrokuboklar üçün hər turnirdən maksimum yararlanmalıyıq” – deyə Stefanov bildirib.

“Neftçi”yə 2006-cı ilinin qışında gələn Stefanov “Birlik kuboku”nun qalibi olub. 2006/07 mövsümünün ikinci dövrəsində əsas heyətdə yerini itirən Svetoslav Çinin “Çanqçun Yatay” klubuna icarəyə verilib. Həmin klubla ölkə çempionu olduqdan sonra ötən qış “Neftçi”yə qayıdan 31 yaşlı bolqar futbolçu öz gücünü göstərmək istəyir: “Komandam kimi, mən də öz sözümü deməyə çalışacağam. Ötən il çıxışım istənilən kimi alınmadı. Zədədən sonra uzun müddət bərpa prosesi keçdim. Hazırkı fasilə müddətində “Neftçi”dən getmək haqda heç fikirləşməmişəm. Klubla cari mövsümün sonuna qədər müqaviləm var. Antalyada yaxşı hazırlıq keçmişəm. İkinci dövrədə yaxşı çıxış edib, komandama kömək etməyə çalışacağam”.

Qeyd edək ki, ötən mövsümün sonuna yaxın Almaniyada çiynindən əməliyyat olunan Stefanov ilk dövrədə cəmi bir oyun keçirib. O, son turda “Olimpik”ə evdə 1:2 hesabı ilə uduzduqları görüşdə sonradan meydana çıxıb.
0