Azərbaycanla oyun rusların canına vəlvələ salıb
09.02.2009 - 17:39
Azərbaycanla oyun rusların canına vəlvələ salıb
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Azərbaycan milli komandasını qəbul edəcək rusiyalıların canına vəlvələ düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Lixtenşteyn yığmaları ilə rəsmi görüşlərin keçiriləcəyi mart və aprel ayları şimal qonşularımız üçün uğursuz vaxtdır.

Bununla bağlı Rusiya mətbuatında dərc olunan yazının müəllifi bildirib ki, 2001-ci ildən bəri mart və apreldə keçirilmiş 14 oyunun cəmi 4-də qələbə qazanılıb: “Elə ötən ilin martında Qus Hiddinkin rəhbərliyi altında yığmamız Rumıniyaya böyük hesabla – 0:3 uduzdu. Nikbinlər deyəcəklər ki, Azərbaycan və ya Lixtenşteyn Rumıniya deyil. Bədbinlər isə milli komandamızın son illərdə mart və aprelə təsadüf edən oyunlarının statistikasına nəzər yetirməyi özləri üçün çətin iş saymayacaq. Məgər, bu statistikada bizi Azərbaycan və Lixtenşteynlə oyunlarda nəticəyə görə narahat olmağa əsas verən bir şey yoxdur? Bizi martın 28-də hazırlıqsız Azərbaycan yığması ilə vacib matç gözləyir”.

Rusiyalı həmkarımız məqalənin davamında yığmamız haqda məlumatlara yer ayırıb: “Azərbaycan yığmasını dünya çempionu Berti Foqts çalışdırır. O, bu günlərdə komanda ilə Birləşmiş Ərəb Əmirliklərində iki həftəlik təlim-məşq toplanışını keçir. Orada üç yoxlama oyunu planlaşdıran qarşıdakı rəqibimiz bunlardan ikisini keçirib. Özbəkistan yığması ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan Çexiya çempionatının lideri Praqanın “Slaviya” klubuna uduzub - 0:2. Çərşənbə günü isə Küveyt yığması ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Azərbaycan martın əvvəlində daha bir təlim-məşq toplanışı keçirəcək. Bu dörd günlük hazırlıq prosesi Foqtsun vətənində, Almaniyada olacaq”.

Müəllifin fikrincə, Azərbaycanla Lixtenşteyn Avropa çempionatını bürünc medalçısı Rusiya yığması və onun “qızıl sərkərdə”si Qus Hiddinki qorxuda bilməz: “Ancaq rəqiblərimizin hazırlığını və Rusiya yığmasının yaz aylarındakı sistematik əzab-əziyyətini unutmaq qeyr-peşəkarlıq olardı. Aydın məsələdir ki, Hiddinkin komandası Moskvada və Vadutsda xüsusi hazırlaşmış rəqiblərə qarşı oynayacaq. Mart və apreldə kiçik büdrəmə cari seçmə mərhələdə perspektivimizə böyük təsir göstərə bilər. Azərbaycan və Lixtenşteynlə oyunlar Uels və Finlandiya ilə səfər matçlarımızla müqayisədə həqiqətən də “toz”a bənzəyir”.
0