Rəşad 6 oyun buraxacaq
09.02.2009 - 17:46
Rəşad 6 oyun buraxacaq
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev 6 oyunda komandasına kömək edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçunun Azərbaycan Premyer Liqasının 4, ölkə kubokunun isə iki matçında meydana çıxmayacağı dəqiqləşib. Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında zədələnən və “Karvan” (15 fevral), “Turan” (21 fevral), “Bakılı” (1 mart) və “Muğan”la (8 mart) çempionat oyunlarında baş məşqçi İqor Ponomaryovun sərəncamında olmayacaq Abdullayev üçün ölkə kuboku bitə də bilər. Belə ki, yarımmüdafiəçi ¼ finalın “Bakı” ilə görüşlərinin (martın 4-5 və 11-12) də heç birində çıxış etməyəcək. Onun yarımfinalda oynaması isə komanda yoldaşlarından asılıdır. “Xəzər-Lənkəran”ın heyətində hamıdan çox oyuna çıxan futbolçu ən yaxşı halda, martın 14-də “Olimpik”lə Lənkəranda keçiriləcək matçda meydana çıxa biləcək.

Komandanın digər zədəli oyunçuları - Andrius Veykutislə Devran Ayhanın isə “Karvan”la oyunda meydana çıxmaq şansları çox az da olsa var. Onlar hələlik fərdi məşqlərlə kifayətlənirlər.
0