Şenes Erzik: Azərbaycan üçün çox darıxmışam
09.02.2009 - 17:56
Şenes Erzik: Azərbaycan üçün çox darıxmışam
“Məni Bakıya Yozef Blatter və Mişel Platini göndərir. Ölkənizə fevralın 22-də gələcəyəm. Azərbaycanda futbol akademiyasının açılışında FİFA və UEFA-nın yeganə təmsilçisi olacağam”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında FİFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın vitse-prezidenti Şenes Erzik deyib.

Sonuncu dəfə 3 il öncə paytaxtımızda olmuş türkiyəli futbol məmuru Bakı üçün darıxdığını gizlətməyib: “Açığı, çox darıxmışam. Azərbaycan mənim kurasiya etdiyim ölkələrdən biridir. Əvvəllər bu bölgəyə Hollandiya Futbol Assosiasiyasının prezidenti Metyu Şprengers nəzarət edirdi. Lakin onun vəfatından sonra yeni bölgü aparıldı və Azərbaycana nəzarət növbəti dəfə mənə tapışırıldı”.

Erzik vurğulayıb ki, səfər zamanı AFFA rəhbərliyi ilə görüş planlaşdırılıb: “Azərbaycanın futbol rəsmiləri ilə futbolu inkişaf etdirməyin yolları haqqında fikir mübadiləsi aparacağıq. Yeni istifadəyə veriləcək akademiya bu inkişafın bir parçası olacaq. Lakin bununla yanaşı, gənclər futboluna da diqqət ayırmaq vacib sayılır”.

Bakıya tək gələcək UEFA-nın vitse-prezidenti fevralın 24-də ölkəmizi tərk edəcək. AFFA-nın həyətində inşa olunmuş futbol akademiyasının açılışı isə fevralın 23-nə təyin edilib.
0