Xodukin: Onların adını çəksəm, transfer qiymətləri bahalaşar
09.02.2009 - 18:19
Xodukin: Onların adını çəksəm, transfer qiymətləri bahalaşar
“İlk turun hazırlığına iki gündən sonra başlayacağıq. Çünki Türkiyədən qayıtdıqdan sonra yamanca yorulmuşuq. Müəyyən səbəblərdən həm Antalyadan İstanbula, həm də İstanbuldan Bakıya hava reysi yubandı. Nəticədə bu gün səhər saatlarında Bakıya çatdıq”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.

Antalya şəhərindəki hazırlıqdan razı qaldığını bildirən Xodukinin sözlərinə görə, bir aydan artıq ailəsindən kənarda qalan futbolçuları istirahətə buraxıblar: “Fevralın 11-də saat 14:00-da bir araya gəlib, “Olimpik”lə oyunun hazırlığına başlayacağıq. Antalyadakı hazırlıq prosesinin ortasında “Birlik kuboku”na yollanmalıq oldu. Bu, hazırlıq planlarımıza müəyyən təsir göstərsə də, hər halda, Türkiyədə xeyli futbolçunu yoxlaya bildik. Bunlar arasında Tunis, Polşa, Çexiya, Almaniyadan olanlar vardı. Braziliyanın güclülər dəstəsində oynamış bir səviyyəli hücumçunu sınadıq. Avropanın yüksək liqasında çıxış edən bir serb futbolçunun iş başında gördük. Nəzərdən keçirdiyimiz legionerlərin hamısı kifayət qədər güclüdürlər. Təkid etməyin, adını çəkməyəcəyəm. Çünki indi ad çəksəm, yayda onların qiyməti hazırkından qat-qat baha olacaq”.

Kabo-Verdeli müdafiəçi Corc Pinonun taleyinə aydınlıq gətirən Xodukin onu da yayadək gözləyəcək. Ukraynalı mütəxəssis bildirib ki, mövsüm bitənə qədər yeni oyunçu almayacaqlar: “Baxışdan keçirdiyimiz bu afrikalı müdafiəçi yaxşı təsir bağışladı. Sadəcə, Corcin ailə problemləri yaranıb. O, bunu həll edəndən sonra düşərgəmizə qayıda biləcəyini dedi. Ancaq bu problem vaxtında yoluna qoyulmaya da bilər. Həm də çempionatın, “transfer pəncərəsi”nin bağlanmasına 4-5 gün qalıb. Pinonun da transferini mövsüm bitəndən sonra, yaya saxlamışıq. Latviya milli komandasının yarımmüdafiəçisi Andrey Layzansın Rusiyanın “Şinnik” klubu ilə problemləri olduğuna görə ala bilmədik. İkinci dövrədə hazırkı heyətimizə güvənəcəyik. Sabit, “oturulmuş” heyətimiz var. Ötən yay “transfer bazarı”ndan kifayət qədər fəal olduq. İndi biz dincəlirik, qoy başqaları işində olsun”.
0