Ermənilər Azərbaycan çempionuna problem yarada bilər
09.02.2009 - 18:40
Ermənilər Azərbaycan çempionuna problem yarada bilər
Bakının “İnter” klubunun latviyalı yarımmüdafiəçisi Andrey Rubin Azərbaycana qayıtmayıb. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Valentin Xodukin məlumat verib. O, 31 yaşlı futbolçunun Kiprə, milli komandasının düşərgəsinə yollandığını bildirib.

Latviya millisi fevralın 11-də Kiprdə Ermənistanla yoldaşlıq görüşü keçirəcək. Ancaq Xodukin futbolçusunun həmin matçda meydana çıxmasını istəmir: “Çünki Rubinin “Birlik kuboku”nda aldığı zədə ciddi problem yarada bilər. Düzdür, Andrey son günlər hazırlığımıza qatılmışdı. Ancaq onun yenidən zədələnməsini istəmirik. Bu səbəbdən də Latviya yığmasını çalışdıran Aleksandr Starkovla telefon söhbətim olub. Ondan Rubini qarşıdakı matçda meydana buraxmamağı xahiş etdim. Futbolçunun zədədən yeni qayıtmasını nəzərə alan Starkov Rubinin sərəncamına gəlməsinin vacibliyini qeyd etdi. Hər halda, yığmaya çağırılan futbolçu düşərgədə olmalı, komanda ilə birgə hazırlıq keçməlidir. Andrey bu oyundan sonra sıralarımıza qayıdacaq”.

Qeyd edək ki, Rubin milli komandada 94 oyun keçirib.
0