Azərbaycan futbolçuları Braziliyaya gedəcəklər
10.02.2009 - 10:24
Azərbaycan futbolçuları Braziliyaya gedəcəklər
Azərbaycan futbolçuları “Danone Beynəlxalq Kuboku” turnirində iştirak edəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, ölkəmizin bu yarışda təmsil olunması ilə bağlı qurum tərəfindən görülən işlər müsbət nəticələnib. Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq turnirdə təmsilçimizin iştirakı üçün AFFA ilə “Danone” şirkəti arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Turnirdəki təmsilçimizin müəyyənləşdirilməsi məqsədilə əvvəlcə Regional Futbol Federasiyaları tərəfindən respublikanın bütün regionlarında 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlardan ibarət komandalar arasında “Danone Beynəlxalq Kuboku”nun seçmə mərhələ oyunları keçiriləcək. Regionda qalib olmuş komandalar sonrakı mərhələdə Bakıda Premyer Liqa klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət 14 komandanın, idman məktəblərinin təmsilçilərinin və məhəllələrarası yarışın iştirakçısı olan komandanın birgə mübarizə aparacağı Azərbaycan birinciliyində iştirak edəcək. Bu mərhələnin qalibi isə nüfuzlu turnirdə ölkəmizi təmsil edəcək.
0