Rusiya Futbol İttifaqının baş katibi: Azərbaycanla oyuna 5-10 min tamaşaçı gəlməyəcək
10.02.2009 - 11:03
Rusiya Futbol İttifaqının baş katibi: Azərbaycanla oyuna 5-10 min tamaşaçı gəlməyəcək
“Azərbaycan milli komandası ilə oyuna maraq böyükdür. Bu görüşə beş, on min yox, daha çox azarkeşin gələcəyi gözlənilir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Sergey Sorokin deyib.

O, dünya çempionatının seçmə mərhələsinin martın 28-də keçiriləcək Rusiya – Azərbaycan görüşünün Moskvanın “Lujniki” stadionunda keçirilməsinin səbəbini azarkeş amili ilə izah edib: “Yığmamızın ətrafında həddən artıq ajiotaj var. Üstəlik, Moskvada yaşayan azərbaycanlıların çoxsaylı diasporunu da unutmamalıyıq. “Lujniki”ni seçəndə azarkeş amili ilə yanaşı, meydanın durumunu nəzərə aldıq”.

Sorokinin sözlərinə görə, Rusiya ilə oyuna Almaniyada hazırlaşacaq Azərbaycan milli komandasından fərqli, rəqibimiz vətəni tərk etməyəcək: “Martın 28-də keçiriləcək matça elə Moskvada hazırlaşacağıq. Sadəcə, məşq keçəcəyimiz meydanla bağlı qeyri-müəyyənlik var. Lakin hələ bunun üçün vaxtımız var. Bəlkə də, “Lujniki”də hazırlaşdıq”.

RFİ rəsmisi rəqibimizin ev oyunları ilə bağlı olan qeyri-müəyyənliyə də aydınlıq gətirməyə çalışıb: “Martda Azərbaycan, oktyabrda isə Almaniya ilə görüşləri “Lujniki”də keçirəcəyimiz xeyli müddətdir məlumdur. Lixtenşteynlə matçla bağlı qərar verməmişik. Yaxın zamanda seçimimizi edəcəyik. Konkret qarşılaşmanın Sankt-Peterburqda keçirilməsi variantı var”.
0