Abramoviç Hiddinki “Çelsi”yə aparacaq, yoxsa yox?
10.02.2009 - 11:32
Abramoviç Hiddinki “Çelsi”yə aparacaq, yoxsa yox?
Braziliyalı mütəxəssis Luis Felipe Skolarinin Londonun “Çelsi” klubundan qovulması rusların narahatçılığına səbəb olub. Apasport.az saytının məlumatına görə, milli komandamızın cari seçmə mərhələdə qarşıdakı oyununu keçirəcək Rusiya yığmasının holland çalışdırıcı Qus Hiddink “Çelsi”nin baş məşqçisi postuna əsas namizəd sayılır. İngiltərənin nüfuzlu bukmeyker kontorlarından sayılan “Uilyam Hill” artıq bununla bağlı pul qoyuluşu qəbul edir. Ən yüksək göstəriciyə malik Hiddink həmyerlisi Frank Raykaard, habelə italyan həmkarları Canfranko Zola və Roberto Mançinini qabaqlayır. Məhz Hiddinkin adının daha çox hallanması Roman Abramoviçlə bağlıdır. Məsələ ondadır ki, “Çelsi”nin prezidenti Abramoviç həm də “Milli Futbol Akademiyası” fondunun sahibidir və holland mütəxəssisin müqaviləsini məhz bu qurum maliyyələşdirir. Bununla bağlı bəyanat yayan fond Hiddink variantı təkzib edərək, onun Rusiya yığmasının baş məşqçi postunda qalacağını təsdiqləyib.

Böyük Britaniyanın digər kontorlarında da liderlik edən Hiddink bütün bunlardan xəbərsiz olduğunu nümayiş etdirib: “Deyirsiniz londonlu bukmekerlər artıq təyinatımla bağlı pul qoyuluşu qəbul edir? Nə isə, qoy qəbul etsinlər. Hazırda mən komanda ilə yemək süfrəsi arxasındayam. Haqqımda nə danışıqlar və bukmekerlərin nə qəbul etdiyini fikirləşmək belə istəmirəm. Skolarinin istefası haqda eşitmişəm, ancaq mənə “Çelsi”dən heç bir zəng olmayıb. Bildiyiniz kimi, şayiələri heç vaxt şərh etmirəm. Çünki bunu mənasız və faydasız sayıram. Mən heç nə şərh etməyəcəyəm. Nə istəyirsəniz, onu da yazın”.

Məsələ ilə bağlı münasibət bildirən Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko nə narahatçılığa, nə də geniş şərhlərə ehtiyac görmür: “Hiddinkin bizimlə 2010-cu ilə qədər müqaviləsi var. Onun sonadək işini yerinə yetirəcəyinə heç bir şübhəm yoxdur”.

Qeyd edək ki, Hiddinkin agenti də bu təyinatın reallaşmayacağını təkzib edib.
0