Berti Foqts qovulduğu ölkənin milli komandasına qarşı
10.02.2009 - 12:41
Berti Foqts qovulduğu ölkənin milli komandasına qarşı
Azərbaycan milli komandası Dubaydakı hazırlıq prosesi çərçivəsində sabah sonuncu yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun çalışdırdığı yığmamız Küveytin qonağı olacaq. Çexiya çempionu “Slaviya”ya uduzduğu (0:2) matçdan sonra Küveytə yollanan komandamız hazırda paytaxt Əl-Küveytdə hazırlıq keçir.

Sabahkı oyunun ilk növbədə Foqts üçün prinsipial xarakter daşıdığını desək, yanılmarıq. Belə ki, 63 yaşlı mütəxəssis vaxtilə Küveyti çalışdırdığından, keçmiş komandası ilə görüşəcək. Onun burada fəaliyyətini uğursuz saymaq olar. Hər halda, alman çalışdırıcı Küveytdə çalışdığı dövrdə qələbə üzünə həsrət qalıb. 2001-ci ildə “Bayer” klubunun baş məşqçisi kimi Çempionlar Liqasında uğurla çıxış etməsinə baxmayaraq, işindən azad olunan Foqts elə həmin ilin avqustunda Küveyt yığmasının baş məşqçisi postunu tutmaq təklifini qəbul edib. Ancaq bu millidə uğur qazana bilməyən təcrübəli mütəxəssis cəmi yarım ildən sonra istefaya göndərilib. O, Şotlandiya millisini çalışdırmaq təklifini qəbul edib və 2004-cü ilə qədər orada işləyib.

Qeyd edək ki, Küveyt bizim üçün yeni rəqibdir. Milli komandamız 17 illik tarixi ərzində bir sıra Asiya yığmaları ilə görüşsə də, sabahkı rəqibimiz bunlar sırasında olmayıb. Küveytə bu dəfə rəqib komandanın baş məşqçisi kimi yollanan Foqts orada ilk qələbəsini qazanmağa çalışacaq. O, milli komandamızın baş məşqçi postunda sonuncu qələbəsini elə Asiyada qazanıb. Belə ki, Foqtsun komandası ötən ilin noyabrın 17-də Bəhreyn yığmasını Manamada 2:1 hesabı ilə məğlub edib. Küveytlə sabahkı oyun Əl-Küveyt şəhərində “National” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
0