Azərbaycan yığması 20:0 hesablı qələbə qazanan komandayla üz-üzə
10.02.2009 - 13:27
Azərbaycan yığması 20:0 hesablı qələbə qazanan komandayla üz-üzə
Azərbaycan milli komandasının sabah yoldaşlıq görüşündə qarşılaşacağı Küveyt yığması bizdən fərqli, dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, bu uğura 1982-ci ildə İspaniyada nail olan küveytlilər həlledici mərhələdə Çexoslovakiya, İngiltərə və Fransa ilə bir qrupda yer alıb. Çexiyalılarla görüşdə (1:1) sensasiyaya imza atan Küveyt ardından Fransaya (1:4) və İngiltərəyə (0:1) uduzaraq, qrup sonuncusu olub.

Fransa – Küveyt görüşü isə dünya çempionatlarının tarixinə düşüb. Məsələ ondadır ki, fransızlar qollardan birini rəqibin bəzi futbolçuları oyunu dayandırdıqdan sonra vurub. Hakimin fitini eşidən küveytli futbolçular mübarizəni dayandırıblar. Hakim isə oyunu saxlamaq fikrində olmadığından, əvvəlcə qolu hesaba alıb. Küveyt yığmasının üzvləri hakimin bu qərarına etiraz əlaməti olaraq, matçı davam etdirməkdən boyun qaçırıblar. Maraqlıdır ki, görüş şeyx Fəhd Əl-Əhmədin müdaxiləsindən sonra davam etdirilib. Küveyt şeyxinin təsiri nəticəsində hakim qeydə aldığı qolu sonradan ləğv edib. Həmin hakim isə SSRİ-nin təmsil edən Mixail Stupar olub.

Küveytin Asiya Kuboku uğrunda çıxışı uğurlu alınıb. Təsadüfi deyil ki, 1976-cı ildə bu turnirin finalına çıxan rəqibimiz 4 il sonra artıq yarışın qalibi olub. Küveytin ən böyük hesablı qələbəsi də dünya futbolunun tarixinə düşüb. Belə ki, küveytlilər 2000-ci ildə Butan yığmasını 20:0 hesabı ilə məğlub edib. Bu, həmin vaxt üçün beynəlxalq matçlarda ən böyük hesablı qələbə olub. Həmin ildə Sidney Olimpiadasının iştirakçısı olan Küveyt hazırda həm dünya çempionatının seçmə mərhələsində, həm də Asiya Kuboku uğrunda yarışda qrup sonuncusudur.

Qeyd edək ki, FİFA-nın reytinqində Azərbaycanı qabaqlayan Küveyt 118-ci pillədə yer alıb. Rəqibimizin antirekordu ötən ilin noyabrında olub. Həmin vaxt küveytlilər 128-ci pilləyə düşüb.
0