Azərbaycan kubokunun oyunlarının vaxtı dəyişdirildi
10.02.2009 - 15:25
Azərbaycan kubokunun oyunlarının vaxtı dəyişdirildi
Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinin oyunlarının vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, martın 4-də keçirilməsi nəzərdə tutulan ¼ final görüşləri bu ay baş tutacaq. Səbəb milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə matça hazırlıq məqsədilə martın 2-dən 5-dək təlim-məşq toplanışında olması və beynəlxalq yoldaşlıq görüşü keçirməsi ilə bağlıdır.

PFL prezidenti Ramin Musayevin imzaladığı əmrə əsasən, matın 4-dəki oyunlar - “İnter” – “Simurq”, “Qəbələ” – “Olimpik”, “Xəzər-Lənkəran” – “Bakı” və “Qarabağ” – “Neftçi” görüşləri fevralın 25-də keçiriləcək. Martın 11-12-də keçirilməsi nəzərdə tutulan cavab görüşlərinin tarixləri əvvəlki təsdiq olunmuş qaydada qalıb. Yəni, martın 11-də “Simurq” – “İnter”, “Olimpik” – “Qəbələ”, “Bakı” – “Xəzər-Lənkəran”, ertəsi “Neftçi” – “Qarabağ” görüşü keçiriləcək.
0