“Kocaelispor”un baş məşqçisi: Ramal hazır deyil, Rəşad isə...
10.02.2009 - 16:04
“Kocaelispor”un baş məşqçisi: Ramal hazır deyil, Rəşad isə...
“Ramal Hüseynovun indiyədək rəsmi oyuna çıxmamasının səbəbi var. O, hələ tam hazır deyil”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Erhan Altın deyib.

“Bakı” komandasının cari mövsümün sonunadək icarəyə verdiyi Ramal Hüseynov hələlik Superliqada debüt edə bilmir. Altın bildirib ki, üç oyunda ehtiyatda saxladığı 25 yaşlı yarımmüdafiəçi ilə bağlı ciddi problem yoxdur: “Narahat olmayın, Ramal zamanı gələndə oynayacaq. Sadəcə, indi fiziki baxımdan hazır deyil. Fiziki hazırlığı lazımı səviyyəyə çatanda, ona şans verəcəyəm”.

Superliqada yerini qorumaq uğrunda mübarizə aparan “Kocaelispor”un çalışdırıcısı Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqova daha böyük ümid bəsləyir. Zədə səbəbindən hesabat turunda “Sivasspor”la səfər matçını buraxan 27 yaşlı müdafiəçi artıq komandanın çalışmalarına qatılıb: “Rəşadın belində problem yarandığı üçün son turda bizə kömək edə bilmədi. Geri qayıdandan sonra onun yenidən tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdu. Rəşada güvənirik, və zədəsinin sağalmasına çalışırıq”.

Qeyd edək ki, Rəşad zədəsinin müayinə etdirmək üçün ötən həftəsonu Bakıya dönmüşdü. Qısa müddətdən sonra Kocaeliyə qayıdan Sadıqov həftəsonu keçmiş komandası – “Kayserispor”la görüşə hazırlaşır.
0