Burundi çempionu “Muğan”da
10.02.2009 - 16:32
Burundi çempionu “Muğan”da
Salyanın “Muğan” klubu “Bakı”nın iki futbolçusunu icarəyə götürüb. Bu haqda apasport.az saytına komandanın icraçı-direktoru Füzuli Əliyev məlumat verib. Onun sözlərinə görə, yarımmüdafiəçi Elnur Abdullayevlə burundili müdafiəçi Ndayibasa Floribetin məsələsi həll edilib. Əliyev bildirib ki, bu gün “Bakı” rəhbərliyi ilə aparılan danışıqlar müsbət nəticələnib: “Bakı”nın vitse-prezidenti Tunc Afşarın Türkiyədən qayıdışını gözləyirdik. Məsələni bu gün rəsmiləşdirəcəyik. Müqavilə şərtlərini razılaşdırmışıq. Hər iki futbolçunu cari mövsümün sonuna qədər icarəyə götürmüşük. “Qəbələ”də baxışda olan estoniyalı Nikolay Losanovu bəyənmədik. Bu komandada oynamış moldovalı hücumçu Vladimir Tsaranunu transferini götür-qoy edirik. Düşərgəmizə yeni gələn Tsaranu ilə bağlı son qərarı məşqçilərimiz verəcək. “Qarabağ”ın transferə çıxardığı Viktor İbekoyi ilə bağlı məsələ artıq bağlanıb. Cari mövsümün sonuna qədər heyətimizdə görmək istədiyimiz bu nigeriyalı hücumçunu almaq bizim üçün maddi baxımdan sərfəli deyil”.

Qeyd edək ki, “Bakı”nın qış fasiləsində transfer etdiyi Floribet vaxtilə ölkə çempionu olub və milli komandasına cəlb olunub. Heyətində böyük rəqabət olan paytaxt klubu gənc futbolçularını oyun praktikası sarıdan korluq çəkməmək üçün icarəyə verməyi məqsədəuyğun sayıb.
0