Hiddink: “Çelsi”nin baş məşqçisi olacağım mümkündür
10.02.2009 - 17:34
Hiddink: “Çelsi”nin baş məşqçisi olacağım mümkündür
Rusiya yığmasının baş məşqçisi Qus Hiddink “Çelsi” ilə danışıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, holland mütəxəssis Luis Felipe Skolarinin qovulmasından sonra London klubunda boş qalan baş məşqçi postuna dəvət aldığını bildirib. Hiddink yaxşı münasibətdə olduğu Roman Abramoviçə öz köməyini göstərmək fikrindədir: “Bu klubdan mənə zəng etdilər və vəziyyəti müzakirə etdik. Ancaq hələlik son qərara gəlməmişik. Rusiya yığmasının Türkiyədəki təlim-məşq toplanışı başa çatandan sonra Avropaya yollanacağam”.

Hiddink eyni zamanda iki işi icra etmək məsələsinə də aydınlıq gətirib: “Mən “Çelsi”də məsləhətçi olmayacağam. Gündəlik məşqçi işi yerinə yetirəcəyəm. Ancaq bu, cari mövsümün sonuna qədər davam edəcək. Etiraf etməliyəm ki, Rusiya yığmasında və “Çelsi”də təzadlı vəziyyət yaranıb. Belə demək olar ki, bu, xüsusi istisnadır. “Çelsi” istisna olmaqla, istənilən kluba imtina edərdim. Ancaq “Çelsi” ilə bağlı vəziyyət fərqlidir. Mənim bu klubun sahibi ilə xüsusi münasibətlərim var. Buna görə də bu komandaya çətin vəziyyətdə kömək etmək istərdim”.

Qeyd edək ki, “Çelsi” yeni baş məşqçisinin adı yaxın 24 saatda elan edəcək. Londonlular hazırda iki namizəd – Qus Hiddink və Avraam Qrant arasında seçim edir. Skolarini yayda baş məşqçi postuna gətirən “Çelsi” onu məhz istefaya göndərdiyi Qrantla əvəzləmişdi. İsrailli mütəxəssis komandanı Çempionlar Liqasının finalına çıxarıb. Hiddinkin təyinatı reallaşarsa, o, milli komandamızla martın 28-də Moskvada keçirəcək rəsmi oyuna həm də “Çelsi”nin baş məşqçisi kimi çıxacaq.
0