Qalmaqallı Drpiç, erotik nömrə və Berti Foqtsun müdrik kəlamı
11.02.2009 - 00:01
Qalmaqallı Drpiç, erotik nömrə və Berti Foqtsun müdrik kəlamı
“Karlsrue” klubunun xorvatiyalı futbolçusu Dino Drpiçin 69 nömrəli forma ilə çıxış etmək arzusu Almaniyada böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, müdafiəçinin sevgilisi Nives Selsiusa olan hisslərini tərənnüm edən formada oynamasına qoyulan qadağa Almaniya mətbuatında da müzakirələrə səbəb olub.

“Karlsrue”nin heyətinə düşməkdə çətinlik çəkən və bu səbəbdən özünü reklam etmək üçün Nivesin gözəlliyindən yararlanan Dino ən erotik nömrə ilə oynamaq istəyirdi. Klub rəhbərliyi onun arzusuna əngəl olmasa da, Almaniya Futbol Liqası Drpiçin qarşısına sədd çəkmişdi.

İndi məsələni hərtərəfli araşdıran alman həmkarlarımız qısa zamanda məşhurlaşan “69” nömrəsinə müxtəlif münasibətlər öyrənməyi lazım bilib. İş o yerə çatıb ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da fikirləri gündəmə gəlib. Amma 63 yaşlı mütəxəssis konkret Dino-Nives cütlüyü haqda danışmayıb. Sadəcə, onun bir vaxtlar dediyi, sonradan aforizm halına gətirilən sözləri xorvatiyalıya aid olunub: “Şəxsi hisslər stadion üçün deyil. Belə hisslər evə qədər aparılıb, həyat yoldaşı ilə bölüşdürülməlidir”.
0