“Simurq” hücumçusunu itirdi
10.02.2009 - 18:24
“Simurq” hücumçusunu itirdi
Gürcüstanda təlim-məşq toplanışı keçirən Zaqatalanın “Simurq” klubu aparıcı oyunçularından birini itirib. Apasport.az saytının məlumatına görə, "VİT-Corciya" ilə sonuncu yoxlama görüşündə zədələnən Ramin Nəsibov bir aylıq sıradan çıxıb. Bundan əvvəl baş tutan "Sioni" ilə matça da zədə ilə çıxan futbolçu sol ayağındakı kiçik zədəsini təzələyərək, sona qədər oynaya bilməyib. Komandanın düşərgəsini tərk edərək Bakıya dönən Raminin müayinəsi cərrahiyyə əməliyyatı ehtiyac olmadığını göstərib.

“Simurq”un rəsmi saytına açıqlama verən Nəsibov “VİT-Corciya” ilə qarşılaşmanı xatırlayıb: “Sol ayağımda kiçik zədə var idi, əzələ dartılmışdı. Amma bu mənə tamamilə əziyyət vermirdi. "Dinamo" ilə qarşılaşmada qol da vurdum, "Sioni" ilə görüşdə 90 dəqiqə forma geydim. Amma sonuncu oyunda rəqibdən top alarkən ayağımda kəskin ağrılar hiss etdim və meydançanı tərk etdim”.

Nəsibov zaqatalalıların onsuz da uğur qazanacağına inanır: “Bir ay futbol oynaya bilməyəcəyim əhval-ruhiyyəmi korladı. Oynamaq, komandaya kömək etmək istəyirdim. İlk 2-3 oyunu buraxacağam. Amma fikirləşirəm ki, "Simurq" mənsiz də uğur qazanmağa qadirdir. Komandamızın bu oyunlardan maksimal nəticə ilə çıxacağına şübhə etmirəm".

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 12 oyuna 1 qol vuran Nəsibov indiyədək “Simurq”un çempionat matçlarından 57-də meydana çıxaraq 11 qol vurub.
0