Samir Əliyev: Neyləyim, mənim də bəxtim belədir
10.02.2009 - 19:04
Samir Əliyev: Neyləyim, mənim də bəxtim belədir
“Artıq zədəmi sağaltmışam. Sadəcə, xeyli vaxt məşqlərdən kənarda qalmağım öz təsirini göstərə bilər. İkinci dövrənin ilk turuna qədər hazır olmağa çalışacağam”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib.

2007-ci ilin payızında aldığı ağır zədə nəticəsində cərrahiyyə əməliyyatı olunan 30 yaşlı futbolçu həmin vaxtdan indiyədək nə qol vura, nə də formasını bərpa edə bilir. Qış fasiləsində Hollandiyanın “Feyenoord” klubu (1:5) ilə yoxlama oyununda komandasının yeganə qoluna imza atan Əliyev ikinci dövrədə özünü göstərmək fikrindədir: “Zədəm xroniki deyil. Hər dəfə bir yerdə xəsarət alıram. Neyləyim, mənim də bəxtim belədir. Hazırda zədə problemim yoxdur. İkinci dövrə ilə bağlı nikbin fikirdəyəm. İnşallah, bu dəfə yaxşı çıxış edərik”.

Səviyyəli legionerlərin gətirilməsinin tərəfdarı olan Əliyevin “Neftçi”nin qış fasiləsində apardığı transfer siyasəti razı olub. Komandanın gücləndirilməsi məqsədilə reallaşan bir sıra transferlərdən sonra heyətə düşmək çətin olsa da, bu, hücumçunu narahat etmir: “Rəqabətdən qorxmuram. Əksinə, rəqabət yaxşı şeydir və həmişə bunun olmasını istəmişəm. “Neftçi” qış fasiləsində bır sıra transferlər reallaşdırdı. Ancaq bu legionerlərin hamısı yoxlama oyunlarında sonadək meydanda olmadı. Yəni, baş məşqçi sınaq matçlarında baxışa gələn futbolçuların hamısını yoxlamağa çalışırdı. Buna görə də legionerlərin səviyyəsini çempionat göstərəcək. Yeni transferlər arasında xüsusilə rumın oyunçuları qeyd edərdim. Onlar tanınan, səviyyəli futbolçulardır”.

Qeyd edək ki, “Neftçi” iki rumın futbolçu – yarımmüdafiəçi Marian Aliute və hücumçu Adrian Nyaqanı transfer edib.
0