Azərbaycan FİFA reytinqində geriləsə də, UEFA-da irəlilədi
11.02.2009 - 13:08
Azərbaycan FİFA reytinqində geriləsə də, UEFA-da irəlilədi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son üç ay ərzində 134-cü pillədəki mövqeyini qorumuş Azərbaycan yığması geriləməyə məruz qalıb. Ötən ayla müqayisədə iki pillə geriləyən yığmamız 136-cı yerə düşüb.

Berti Foqtsun rəhbərlik etdiyi kollektivin hesabında 213 xal var. Milli komandamız FİFA-dan fərqli, UEFA-nın sıralamasında bir pillə irəliləyərək, 47-ci sıraya yüksəlib. Yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Rusiya yenə ilk “onluq”da qərarlaşıb və mövqelərini qoruyublar. Almaniyalılar 1403 xalla 2-ci, rusiyalılar 1119 xalla 9-cu yeri tuturlar.

Finlandiya və Uels yığmaları müvafiq olaraq, 6 və 5 pillə geriləyib. Hazırda 61-ci yeri tutan finlərin hesabında 523, 65-ci pillədə qərarlaşan uelslilərin 503 xalı var.

Mövqeyində qalan Lixtenşteyn millisi 147 xalla 151-ci yerdədir. Yığmamızın bu gün səfərdə yoldaşlıq görüşü keçirəcəyi Küveyt 7 pillə geriləyib. 125-ci yerə düşən küveytlilərin 247 xalı var. Reytinqə yenə də son Avropa çempionu İspaniya yığması (1693 xal) başçılıq edir. İlk “üçlüy”ü 1403 xalla Hollandiya millisi qapayır. Türkiyə isə 8-ci pillədə qalıb – 1040 xal.

Qeyd edək ki, son reytinq açıqlanan müddətdə milli komandamız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesində Özbəkistan yığması ilə 1:1 hesablı heç-heçə edib (1:1), Çexiya çempionu “Slaviya” klubuna uduzub – 0:2. Bu yoldaşlıq görüşlərindən özbəklər matç reytinqə düşür. Bu gün həm rəsmi oyunlar, həm yoldaşlıq görüşləri olsa da, FİFA növbəti reytinq cədvəlini buna qədər açıqlamağı üstün tutub.
0