Zavarov: Azərbaycanlı futbolçunu komandamıza cəlb edəcəyik
11.02.2009 - 13:36
Zavarov: Azərbaycanlı futbolçunu komandamıza cəlb edəcəyik
“Komandamızda baxışda olduğu müddətdə Rüstəm Novruzov özünü yaxşı sürətə malik futbolçu kimi göstərdi. O, xoş təəssürat oyada biləcək texnikası ilə də seçilirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Arsenal” klubunun baş məşqçisi Aleksandr Zavarov deyib.

49 yaşlı mütəxəssis Türkiyənin Antalya şəhərində keçiriləcək ikinci təlim-məşq toplanışı ərəfəsində Ukrayna mətbuatına müsahibə verib. İlk toplanışda baxışdan keçirilən, lakin bu dəfə hazırlıqlara qatılmayan oyunçular haqda da fikir bildirən Zavarov Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının oyunçusu Rüstəm Novruzovu da xatırlayıb: “Hazırda Azərbaycan yığmasının oyunçusu olan Rüstəmin komandamızda qalmasına heyətimizdə ondan üstün ifaçıların olması mane oldu. Bu səbəbdən hələlik onun xidmətlərindən imtina etmişik. Novruzovu vətəninə yollasaq da, bizim məşqçilər korpusu istedadlı gənci daim diqqətdə saxlayacaq. Yəqin ki, yayda Novruzovu yenidən “Arsenal”a dəvət edəcəyik”.

Qeyd edək ki, AFFA-nın sabiq mətbuat katibi Lətif Novruzovun oğlu olan Rüstəm müqavilə ilə “Bakı” klubuna məxsusdur.
0