İdman naziri: Futbolumuzda kənar adamlar var
11.02.2009 - 13:51
İdman naziri: Futbolumuzda kənar adamlar var
Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko Azərbaycanda da müşahidə olunan problemdən gileylənib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatına maliyyə böhranının futbola təsiri ilə bağlı açıqlama verən RFİ başçısı bu idman növünə əngəl olan bir sıra problemləri qabardıb.

Həm də Rusiyanın idman naziri olan Mutko maliyyə böhranına görə ixtisara düşməli olan birinci peşə sahibləri kimi, futbol agentlərini göstərib: “İndi ölkəmizdə istənilən futbolçunun, hətta bu yola yeni qədəm qoyan oyunçunun da agenti var. Futbolumuzun ətrafında bu qədər kənar adamın olması haqda düşünməyə dəyər. Bu kənar adamlar nəhəng məbləğlər qazanır ki, həmin pulları daha məqsədəuyğun yerlərə xərcləmək olardı”.

Mutkonun fikrincə, agentlər kimi, klubların bəziləri də lazımsızdır: “Belə vəziyyətdə regional federasiyalar bölgədəki komandaya daha çox diqqət göstərməlidir. Eyni zamanda, heç kimə lazım olmayan komandaların varlığı da mənasızdır. “Sportakademklub” kimilərin mövcudluğunun vacibliyi həmişə məndə sual yaradıb”.
0