“Spartak”ın hücumçusu: Qarşıdakı vəzifəmiz Azərbaycanı məğlub etməkdir
11.02.2009 - 15:59
“Spartak”ın hücumçusu: Qarşıdakı vəzifəmiz Azərbaycanı məğlub etməkdir
“Almanlarla oyun haqda vaxtı gələndə fikirləşərik. Hazırda qarşıdakı vəzifə Azərbaycan milli komandasının məğlub etməkdir”. Apasport.az saytının məlumatına görə, bunu martın 28-də Moskvada Azərbaycanla rəsmi oyun keçirəcək Rusiya yığmasının hücumçusu İvan Sayenko deyib.

Bundesliqada çıxışını başa vurduqdan sonra Moskva “Spartak”ına keçən Sayenko özünü milli komandamızla oyuna kökləyir. Onun sözlərinə görə, Azərbaycan və Lixtenşteyn yığmaları ilə görüşə saymazyana yanaşmaq düzgün deyil: “Ötən seçmə mərhələnin son oyununda Andorranı güclə məğlub etdik. Halbuki, həmin vaxt Avropa çempionatının final mərhələsinə vəsiqə ortada dururdu. Bu dəfə artıq əsəb gərginliyi keçirməməyə çalışacağıq. Futbolda həyatda olduğu kimi hər şey xırdalıqdan yaranır. Əgər düz yerdə öz işimizi çətinləşdirmək istəmiriksə, maksimum güclə oynamaq lazımdır. Məgər almanların son dəqiqələrdə güclə heç-heçəyə nail olduğu Finlandiyada, yaxud Uelsdə bizə asan olacaq? Bu oyunları da həlledici saymaq olar”.

Qeyd edək ki, Sayenko ötən ilin yayında Avropa çempionatının bürünc mükafatını qazanan Rusiya yığmasının heyətində olub.
0