İqor Akinfeyev: Azərbaycan daha 10:0 hesabı ilə uduzan komanda deyil
11.02.2009 - 17:43
İqor Akinfeyev: Azərbaycan daha 10:0 hesabı ilə uduzan komanda deyil
Rusiya yığmasının əsas qapıçısı İqor Akinfeyev Azərbaycan milli komandasına sataşıb. Apasport.az saytının məlumatına görə, 2004-cü ildə Moskva MOİK-inin heyətində Bakıya “Neftçi” ilə Çempionlar Liqası oyununa gələn 23 yaşlı futbolçu yığmamızın tarixini bilirmiş. O, 1995-ci ilin sentyabrında Oserdə Fransadan 0:10 hesablı ağır məğlubiyyət alan Azərbaycan yığmasını daha qapazaltı saymır: “Azərbaycan və Lixtenşteyn kimi komandaları 10:0 hesabı ilə məğlub etmək keçmişdə qalıb. Əminəm ki, bizə heç də asan olmayacaq. Autsayderlər adətən oyun ərzində müdafiədə 10 nəfər saxlayır. Belə sıx müdafiəni yarmaq heç də asan deyil. Buna görə də Azərbaycan və Lixtenşteynlə oyunlarda istənilən hesablı qələbəyə sevinəcəyəm”.

Rusiya yığmasının digər qapıçısı Vyaçeslav Malofeyev də millimizin bostanına daş atıb: “Azərbaycan və Lixtenşteyn kimi rəqibləri yenə bilmiriksə, onda hansı dünya çempionatının final mərhələsindən söhbət gedə bilər?”.

Yarımmüdafiəçi Diniyar Bilyaletdinov isə Azərbaycanla oyuna görə narahatdır: “Rəqibdən asılı olmayaraq, istənilən oyundan öncə nəticəyə görə narahat oluram. Bununla belə, Azərbaycan və Lixtenşteynlə oyunlarda hesabımıza 6 xal yazacağımızı düşünürəm. Rusiya yığması indiyə kimi ulduz futbolçusu olmayan komandalara az oynamayıb. Razıyam ki, bəzən onların qapılara yolu çox axtarmışıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda belə gərginlik yaşamayacağıq”.

“Zenit”ə yeni transfer olan İqor Semşov qalan rəqiblərin hamısına ciddi yanaşdıqlarını bildirib: “Buna qətiyyən şübhə etməyin. İndi futbol oynamağa hamı, “cırtdan” adlanan komandalar da öyrənib. Rusiya yığmasından xal almaq nüfuzludur. Bu mənada qarşıdakı rəqiblərimiz Azərbaycanla Lixtenşteyn də bizə “dişini göstərmə”yə çalışacaq. Əsas vəzifəmiz odur ki, bir dəqiqə arxayınlaşmamalıyıq. İstənilən xal itkisi bizə baha başa gələ bilər və biz bunu gözəl başa düşürük”.
0