İqor Ponomaryov: Futbolçular istədikləri yerə gedə bilərlər - MÜSAHİBƏ
11.02.2009 - 18:12
İqor Ponomaryov: Futbolçular istədikləri yerə gedə bilərlər - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryovun müsahibəsi

- Fevralın 15-də Azərbaycan Premyer Liqasının XIV turunda “Karvan”la keçirəcəyiniz matça hazırlıq necə gedir?
- Hazırlıq normaldır. İkinci dövrədə keçirəcəyimiz ilk oyun öncəsi fevralın 7-də MOİK-lə yoxlama matçında qüvvəmizi sınadıq. Fevralın 10-dan etibarən “Karvan”la oyunun hazırlığına başlamışıq. Yeganə problemimiz zədə üzündən 6 oyunluq sıradan çıxan yarımmüdafiəçimiz Rəşad Abdullayevin məşqlərdən kənarda qalmasıdır.

- Yeni transferləriniz Əhməd Dursun, Fatih Sonkaya və Nadir Bençena komandaya uyğunlaşa biliblərmi?
- Onların uyğunlaşıb-uyğunlaşmadıqlarını demək çətindir. Çünki komandamıza yenicə qoşulublar. Əlbəttə, adaptasiya üçün vaxt lazımdır. Bu, birmənalıdır. Dursunla Sonkayanın komandaya mümkün qədər tez uyğunlaşmalarına çalışacağıq.

- Onların “Karvan”la matçda heyətdə yer alacaqlarını söyləmək mümkündürmü?
- Mən hələlik kimin oynayacağını söyləyə bilmərəm.

- Türkiyəli legionerlərin fiziki baxımdan problemləri yoxdur?
- Onlar hazırlıq prosesində komandamızın digər üzvləri kimi iştirak edirlər. Amma kim güclüdürsə, o da “Karvan”la oyuna çıxacaq.

- “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olunduğunuz vaxt yerli futbolçulara daha çox üstünlük verəcəyinizi bildirmişdiniz. Lakin bir neçə ildir komandada çıxış edən azərbaycanlı futbolçular Alim Qurbanovla Füzuli Məmmədovun transferə çıxarılmasına qərar verdiniz...
- Siz haqlısınız. Onlar çoxdan “Xəzər-Lənkəran”da çıxış edir və çoxdan ehtiyat oyunçular skamyasında otururdular. Ona görə də bu məsələ sadə yolla həllini tapıb. Mənim yerli oyunçulara üstünlük verəcəyim haqda açıqlamam belə hallara şamil edilə bilməz. Burada söhbət konkret olaraq “Xəzər-Lənkəran”dan gedir. “Xəzər-Lənkəran”da kim güclüdürsə, o da oynayır. Qurbanovla Məmmədov pis futbolçular deyillər. Onlar üçün oyun praktikası lazımdır ki, digər klublarda bizdən də çox qala bilsinlər.

- Komandanızda baxışda olan ukraynalı yarımmüdafiəçi Oleq Kovolenkonun taleyinə nə vaxt aydınlıq gələcək?
- Hələlik bu məsələ açıq qalır. Kovalenkonun taleyinə aydınlıq gəlməyib. O, cəmi 4 gündür ki, komandamızda baxışdadır. Bu müddətdə özünü ən yüksək tərəfdən göstərməyə çalışıb. Görünür, nə isə alınır, nə isə yox. Ümid edirik ki, Kovalenko daha çox xeyir verə bilər. Onun transfer qiyməti və digər məsələlərlə bağlı hələ müzakirə aparılmır.

- Bir müddətdir ki, Lənkərandasınız. Orada komandanın gündəlik məşq və yaşayış şəraiti necədir?
- Burada futbolçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Məşq bazası və meydançaları, “Xəzər-Lənkəran” mərkəzi stadionu bizim ixtiyarımızdadır, komanda üzvləri gündə 3 dəfə yeməklə təmin olunurlar. Üstəlik, klubumuz üçün əlavə mehmanxana tikilməkdədir. Meydançanın ot örtüyü yaxşıdır, ona görə də idman ustalığının yüksəldilməsi üçün bütün lazımi şərait var.

- Futbolçular bazada qalırlar?
- Təlim-məşq toplantıları başladıqda futbolçular bazada gecələyirlər. Qalan vaxt ərzində isə istədikləri yerdə - Bakıda, Masallıda və ya Lənkəranda qala bilərlər. Əsas məsələ onların gündə iki dəfə keçirilən məşqlərə vaxtında qatılmasıdır.

- Həftə ərzində Lənkəranda nə qədər olacaqsınız?
- Hər şey oyunun nə zaman keçirilməsindən asılı olacaq. Oyunumuzu Lənkəranda keçirdikdən sonra futbolçulara bir və ya iki gün sərbəst vaxt verəcəyik. Bu müddətdə onlar istədikləri yerə gedə bilərlər. Təyin edilən vaxtda isə onlar yenidən iş başında olmalıdırlar.

- Türkiyəli legionerləriniz Əhməd Dursunla Fatih Sonkayanı Lənkərandakı şərait qane etdi?
- Onlar “Xəzər-Lənkəran”la müqavilə bağladıqları vaxt bilirdilər ki, Lənkərana gedirlər. Çünki “Xəzər-Lənkəran” Lənkəran komandasıdır. Yəni bu istiqamətdə başqa söhbət əsla yoxdur. Hər şey normaldır.

Mənbə: lent.az
0