Yığmamız Vətənə qələbə qazanmadan dönür
11.02.2009 - 22:59
Yığmamız Vətənə qələbə qazanmadan dönür
Küveyt - Azərbaycan - 1:1
Qollar: Əl-Ansari, 45 - Vaqif Cavadov, 1.

Əl-Küveyt. “Nasional” stadionu, yoldaşlıq görüşü

Baş hakim: Mahmud Əl Mirdas (Səudiyyə Ərəbistanı)
Baş hakimin köməkçiləri: Nəser Əl Mudfar, Faez Əl Kabli (Səudiyyə Ərəbistanı)
Ehtiyat hakim: Atellah Əl Jatli (Küveyt)

Bu gün milli komandamız Küveytlə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Əl-Küveytdəki “Nasional” stadionunda Səudiyyə Ərəbistanından olan hakimlərin idarə etdiyi görüşdə hesabı milli komandamız açıb. Yığmamız ilk hücumdaca Vaqif Cavadovun dəqiq zərbəsiylə hesabda irəli çıxıb. Vaqifin bundan sonra da fərqlənmək imkanı olsa da, hücumçumuz yaranan vəziyyətdən istifadə edə bilməyib. Əvəzində meydan sahibləri sevinməyə yaxın olub. Amma küveytli futbolçunun zərbəsi əvvəl dirəkdən dönüb, az sonra isə qapıçımız Kamran Ağayev meydan sahiblərinin fərqlənməsinə mane olub. İlk yarının ortalarında yığmamızın heyətində Çertoqanov sarı vərəqə ilə cəzalandırılıb. Hakimin birinci hissəyə əlavə etdiyi dəqiqədə isə Əl-Ansari komandasının bərabərlik topunu vurub – 1:1.

İkinci hissəyə yığmamız daha yaxşı başlasa da, ilk təhlükəli vəziyyəti küveytlilər yaradıblar. Amma Ağayev hesabın dəyişməsinə imkan verməyib. Matçın sonlarına yaxın hər iki komanda qol vurmağa yaxın olub. Hətta Yunisoğlunun zərbəsindən sonra top rəqibin qapısından keçsə də, hakim bunu qeydə almayıb. İkinci hissəyə 3 dəqiqə əlavə edilib ki, bu vaxtda da qapılara top vurulmayıb.

Beləliklə, Dubay şəhərindəki hazırlıq çərçivəsində üç yoxlama matçında qüvvəsini sınayan yığmamız vətənə qələbə qazanmadan dönür. Belə ki, millimiz fevralın 1-də Özbəkistanla (1:1) heç-heçədən sonra Çexiya çempionu “Slaviya”ya uduzmuşdu – 0:2
0