Bizim arxayın futbolçular
12.02.2009 - 12:14
Bizim arxayın futbolçular
Yorğunluq uzun illər boyu Azərbaycan futbolunu - milli komandamızı və klublarımızı kabus kimi izləyib. Çoxları futbolçularımızın yorğunluğundan bezərək, onları fiziki zəiflikdə günahlandırırdılar. “Biz futbolu 60 dəqiqə oynaya bilirik” - deyib, diqqəti dəfələrlə yığma üzvlərinin fiziki cəhətdən çatdırmamalarına yönəltmişdik. Hətta o vaxtlar yarızarafat-yarıciddi bir təklif də yaranmışdı: FİFA-ya müraciət edək, qoy, hər bir oyunun vaxtını 60 dəqiqəyə salsın. Təbii ki, bu fantastik təklif əlacsızlıqdan doğmuşdu və həyata keçməsi qeyri-mümkün idi.

Sevindirici haldır ki, milli komandamızda fiziki hazırsızlıq tədricən aradan qalxmaqdadır. Berti Foqtsun yığmamıza baş məşqçi təyin olunmasından sonra bu yöndə xeyli müsbət işlər görülüb. Bakıda, eləcə də müxtəlif xarici ölkələrdə təşkil edilən təlim-məşq toplanışları, beynəlxalq yoldaşlıq görüşləri oyun təcrübəsinin artırılması ilə yanaşı, fiziki dözümlülüyün də yüksəlməsinə hesablanmışdı. Düzdür, Foqts hələ də yetirmələrinin fiziki hazırlığından şikayətlənir. Hər halda, irəliləyiş göz qabağındadır. İndi, nəhayət, futbolçularımız 90 dəqiqə oynamağı, sonadək mübarizə aparmağı bacarırlar.

Ancaq təəssüf ki, futbolçularımız bir mənfi keyfiyyəti aradan qaldırıb, digər xoşagəlməz xüsusiyyətə yiyələniblər. Şair demişkən, “nəyisə itirmədən, nəyisə tapmaq olmaz”. Son vaxtlar arxayınçılıq milli komandamıza çox maneçilik törədir. Statistikaya fikir verin: axırıncı 4 yoldaşlıq görüşünün 3-də yığmamız heç-heçə oynayıb. Albaniya, Özbəkistan və Küveytlə qarşılaşmaları 2 cəhət birləşdirir. Əvvəla, Foqtsun rəhbərlik etdiyi kollektivin hər 3 rəqiblə görüşü 1:1 hesabı ilə nəticələnib. İkincisi və ən başlıcası isə bu oyunlarda hesabda önə keçdiyimiz təqdirdə, sonradan qapımızdan qol buraxaraq, qələbəni əldən vermişik.

Üstəlik, ötən il avqustun 20-də Reykyavikdə İslandiyaya qarşı keçirilmiş matçı da xatırlamaq yerinə düşər. Həmin görüşdə də eyni hal təkrarlanmışdı. 1:0 hesabı ilə irəli çıxan yığmamız arxayınçılıq ucbatından islandiyalıların fərqlənməsinə əngəl törədə bilməmişdi - 1:1.

Bu amil Foqtsun da narahatlığına səbəb olub. Almaniyalı mütəxəssis Küveytlə qarşılaşmadan sonra narahatçılığını açıq-aşkar büruzə verib: “İlk dəqiqələrdən rəqibə sarsıdıcı zərbə vurmağımıza baxmayaraq, bəzi futbolçuların arxayınçılığı nəticəsində qarşılaşma heç-heçə oldu. Ümumilikdə, oyundan razı qalmadım. Bəzi futbolçularımız özlərini yaxşı mənada göstərə bilmədi”.

Bəli, arxayınçılıq yorğunluqdan da betər nəsnədi. Həm də arxayınçılıq rəqibə hörmətsizliyin bir növüdür. Tablodakı rəqəmləri unutmaqla, rəqibə yuxarıdan aşağı baxmaqla arxayınçılığa yol vermək mümkündür. Heyf ki, belə hallar bu gün yığmamızda var. Təki, Rusiya ilə martda keçirəcəyimiz görüşdə arxayınçılıq bizə başağrısı yaşatmasın!

Berti Foqtsun dövründə yığmamızla bağlı ən önəmli məqamlar:

***12 oyundan 4-ü 1:1 hesabı ilə başa çatıb

***rəsmi və yoldaşlıq görüşlərində keçirilən 12 matçdan 10-da 3 topdan az vurulub

***yığmamızın cəmi 2 oyununda 3 qol vurulub ki, bunların da hər ikisində qalib gəlmişik

***yalnız 1 oyunda 2 qol buraxmışıq, qalan matçlarda isə rəqiblərin maksimum 1 dəfə fərqlənməsinə imkan vermişik

***rəsmi matçlarda qol vura bilməmişik

Berti Foqtsun rəhbərliyi altında milli komandamızın keçirdiyi oyunlar:

Bosniya - Azərbaycan - 1:0
Andorra - Azərbaycan - 1:2
İslandiya - Azərbaycan - 1:1
İran - Azərbaycan - 1:0
Uels - Azərbaycan - 1:0
Azərbaycan - Lixtenşteyn - 0:0
Finlandiya - Azərbaycan - 1:0
Bəhreyn - Azərbaycan - 1:2
Azərbaycan - Albaniya - 1:1
Azərbaycan - Özbəkistan - 1:1
Azərbaycan - “Slaviya” - 0:2
Küveyt - Azərbaycan - 1:1
0