Berti Foqts Moskvaya əla qiymət üçün gedəcək
12.02.2009 - 12:48
Berti Foqts Moskvaya əla qiymət üçün gedəcək
Azərbaycan milli komandası Berti Foqtsun rəhbərliyi altında artıq 4 oyundur uduzmur. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə ötən ilin oktyabrın 11-də Helsinkidə Finlandiyaya yenilən (0:1) yığmamız həmin vaxtdan indiyədək meydanı məğlub tərk etmir.

Düzdür, Foqtsun komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən yoldaşlıq görüşündə Çexiya çempionu “Slaviya”ya məğlub (0:2) olmuşdu. Ancaq dünya praktikasında yığmanın klublarla keçirdiyi oyunların nəticəsi balansa daxil edilmir. Belə olan halda, komandamızın Foqtsun rəhbərliyi altında məğlubiyyətsiz oyunlar seriyası 4-ə çatır. İlk olaraq, Bəhreyni səfərdə üstələyən (2:1) millimizin qalan üç yoldaşlıq görüşü eyni hesabla nəticələnib – 1:1. Bunlar Albaniya ilə Bakıda, Özbəkistanla Dubayda, Küveytlə Əl-Küveytdə keçirilən yoxlama oyunlarıdır.

Milli komandamızın 17 illik tarixində məğlubiyyətsiz oyunlar seriyasında ən yaxşı göstərici Vaqif Sadıqovun dövründə olub və özü də iki dəfə baş verib. Yığma Sadıqovun rəhbərliyi altında 1998-ci ildə 6 matç dalbadal uduzmayıb. Onun digər göstəricisi 2002-ci ilə təsadüf edir və həmin vaxt məğlubiyyətsiz oyunlar seriyası 5-ə çatıb. Hər iki halda oyunlar yoxlama xarakteri daşıyıb.

Milli komandamızın tarixinə ilk əcnəbi baş məşqçi kimi düşən braziliyalı Karlos Alberto Torresin dövründə də 5 oyunluq seriya olub. Torresin həmkarlarından fərqi ondadır ki, 2004-cü ildə reallaşan bu seriyaya rəsmi oyun da daxil edilib. Qazaxıstanı səfərdə (3:2), Özbəkistanı evdə (2:1) məğlub edən yığmamız Latviya və İordaniya ilə rəqib meydanında müvafiq olaraq 2:2 və 1:1 hesablı heç-heçə edib. Bu 4 yoldaşlıq görüşündən sonra Torres 2006-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uelslə Bakıda 1:1 hesablı heç-heçə edib və seriyası bundan 4 gün sonra Avstriya ilə rəsmi oyunda (0:2) qırılıb.

Foqts seriyası ilə veteran futbolçumuz Ələkbər Məmmədovun rekordunu təkrarlayıb. Hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan 79 yaşlı Məmmədov 1993-cü ildə milli komandamızın baş məşqçi olduğu zaman 4 oyun dalbadal uduzmayıb. Yığmamızın növbəti görüşü cari seçmə mərhələ çərçivəsində martın 28-də səfərdə Rusiyaya qarşı olacaq. Göründüyü kimi, Foqts Moskvaya əla qiymət üçün gedəcək. Maraqlıdır, 63 yaşlı alman mütəxəssis seriyasını davam etdirməklə, buna nail ola biləcəkmi?
0