Qalmaqal: “Qəbələ” “Olimpik”lə kubok görüşünə çıxmır
12.02.2009 - 13:11
Qalmaqal: “Qəbələ” “Olimpik”lə kubok görüşünə çıxmır
“Qəbələ” Azərbaycan kubokunun ¼ finalında “Olimpik”lə görüşün vaxtının dəyişdirilməsindən narazıdır. Apasport.az saytının məlumatına görə, Qəbələ təmsilçisinin baş məşqçisi Ramiz Məmmədov martın 4-də keçirilməsi planlaşdırılan matçın fevralın 25-nə keçirilməsinə etiraz edib.

“Qəfil tarix dəyişikliyi bütün planlarımızı alt-üst edir. Biz fevralın 25-də "Olimpik"lə oynamaq niyyətində deyilik və görüşün yenidən həmin tarixə qaytarılmasına çalışacağıq. Hazırda qapıçımız Pavel Doroşev zədəlidir. Məşqdə barmağı əzilib və qarşıdakı 3 həftə ərzində meydançaya çıxa bilməyəcək. Belə olan halda, yalnız bir qapıçı - Elnar Kərimov qalır. Əgər o da kubok çərçivəsindəki görüşü buraxmalı olsa, ümidimiz əvəzedici heyətin qapıçılarına qalacaq. Bir sözlə, tarix dəyişikliyi bizim işimizə mənfi təsir göstərir. İkinci dövrə başlamışdan öncə yenidən zədə problemi ilə üzləşməyimizə əsas səbəbi meydançaların yaxşı vəziyyətdə olmamağıdır. Polşalı hücumçu Tomaş Stolpa məhz bu səbəbdən zədə aldı və hələ də özünə gələ bilməyib. Elə Doroşevin barmağının qırılmağına də meydançanın ot örtüyü səbəb oldu” – deyə Məmmədov bildirib.

Qeyd edək ki, ilk ¼ final qarşılaşmalarının vaxtının dəyişdirilməsi milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya ilə oyuna hazırlıq məqsədilə martın 2-dən 5-dək təlim-məşq toplanışında olması və beynəlxalq yoldaşlıq görüşü keçirməsi ilə bağlıdır. “Qəbələ”dən fərqli, “Olimpik”dən əsas yığmaya futbolçu çağırılır.
0