Ramiz Məmmədov: Arzum budur ki, qarşımıza süni əngəllər çıxmasın
12.02.2009 - 13:30
Ramiz Məmmədov: Arzum budur ki, qarşımıza süni əngəllər çıxmasın
“Turnir cədvəlində 10-cu pillədə olduğumuz üçün yüksək yerləri tutmaq şansımız azalıb. Amma Azərbaycan kubokunda 1/4 finala yüksəlmişik və sonacan mübarizə aparmağa qadirik. Bu oyunlarda ədalətli hakimlik bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.

Klubun rəsmi saytına müsahibə verən 41 yaşlı mütəxəssis ilk dövrənin hakimliyindən narazılıq edib. Məmmədovun sözlərinə görə, həmin vaxt hakimlər haqda fikri tam formalaşmamışdı: “Gördüklərim hakimlərin səviyyəsinin artdığını və ikinci dövrədə problemlərin azalacağını deməyə əsas verir. Hakimlər qısa müddətdə xeyli irəliləyiş əldə ediblər. Təbii ki, AFFA prezidenti Rövnəq Abdullayev, eləcə də baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakimliyin düzəlməsi üçün əllərindən gələni əsirgəmirlər. Çünki onlara da aydındır ki, futbolun inkişaf etməsi üçün 4-5 əhəmiyyətli məqam varsa da, onlardan biri də məhz hakimlikdir. Ümid edirəm ki, ikinci dövrədən etibarən hakim səhvləri azalacaq və hər kəs layiq olduğu nəticəni qazanacaq”.

Məmmədov meydanların bərbad olması və zədə amilindən gileylənib: “Deyə bilərsiniz ki, meydança amili digər klublar üçün də mövcuddur. Sadəcə, birinci dövrədə bəxt bizdən tamamilə üz döndərdi. Hər oyuna 5-7 zədəli futbolçu ilə çıxdıq. Heç bir matça optimal heyət hazırlaya bilmədim. Allahdan arzum budur ki, ikinci dövrədə qarşımıza süni əngəllər çıxmasın. Əgər kənar problemlər olmasa, tam başqa "Qəbələ" izləyəcəksiniz”.
0