Futbolun əsas 5 qaydası dəyişdirilir
12.02.2009 - 13:50
Futbolun əsas 5 qaydası dəyişdirilir
Futbol qaydalarında dəyişiklik edilə bilər. Apasport.az saytının məlumatına görə, bununla bağlı fevralın 28-də Şimali İrlandiyada keçiriləcək Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) yığıncağında qərar çıxarılacaq. Toplantıda qaydalara bir çox yeniliklər ediləcəyi gözlənilir. “İdmanın şahı”nda əsas 5 qaydanın dəyişdirilmə ehtimalı maraq doğurur.

IFAB rəsmi matçlarda 4-cü oyunçu dəyişikliyinə icazə verə bilər. Bir şərtlə ki, axırıncı əvəzləmə uzatma dəqiqələrində edilsin. Bundan başqa, sarı vərəqəyə görə, hokkey və həndboldakı kimi, oyunçuların 5 və ya 10 dəqiqə cəzalandırılması mümkündür. Hissələr arasındakı fasilənin isə 15 dəqiqədən 20 dəqiqəyə artırılacağı gözlənilir.

Hakimlərin sayının 5-ə çatdırılması da IFAB-ın iclasında rəsmiləşəcək. Eyni zamanda, qaydalarda baş məşqçilər üçün yazılmış “Komandasına tapşırıqlarını verdikdən sonra öz yerinə qayıtmalıdır” sözü aradan götürüləcək. Bundan sonra baş məşqçilərin “texniki zona”da sərbəst davranmalarına imkan yaradılacaq.
0